...

Parislə Berlin arasında narazılıq yaranıb

Dünya xəbərləri Materials 27 İyul 2007 18:26 (UTC +04:00)

Fransa, Strasburq / Trend müxbir A.Məhərrəmli /Xəbər verdiyimiz kimi, Fransa prezidenti Nikola Sarkozinin (Nicolas Sarkozy) çərşənbə günü Liviyaya rəsmi səfəri çərçivəsində bir çox sahələrə - mülki nüvə sahəsində əməkdaşlığa dair razıliq memorandumu, müdafiə və müdafiə sənayesinə dair müqavilələr, elmi tədqiqat, ali təhsil və elm, mədəni, texniki sahələrdə əməkdaşlığa dair müqavilələr imzalanıb.

Lakin nüvə sahəsində əməkdaşlığa dair müqavilənin imzalanması Almaniyanı narazı salıb. Belə ki, Almaniyanın xarici işlər nazirinin müavini Qerno Ererin (Gernot Erler) "Handesblatt" qəzetinə verdiyi müsahibədə Fransanın Liviya ilə nüvə sahəsində əməkdaşlığa dair müqavilə imzalanmasını tənqid edərək diqqəti nüvə silahının yayılması riskinə çəkib. "Siyasi cəhətdən bu müqavilə problemlər yaradır. Bundan başqa, bu risk nüvə enerjisindən istifadə edən hər bir ölkə ilə yüksəlir"- deyə o qeyd edib.

Yelisey sarayının baş katibi isə bildirib ki, bu sahədə əməkdaşlıq Liviyaya dəniz suyundan içməli suyun alınmasını təmin etməkdə yardım etmək məqsədi daşıyır.

Fransanı Almaniyanın maraqlarının əksinə hərəkət etməkdə qınayan alman rəsmisi ölkəsinin də bundan əvvəl Liviyaya yenilənə bilən enerji sektorunu inkişaf etdirmək üçün təkliflər verdiyini, lakin Liviya tərəfinin buna münasibət bildirmədiyini açıqlayıb.

Amerika Birləşmiş Ştatları öz növbəsində bu müqaviləni dəstəklədiyini bildirib. Dövlət Departamentinin sözçüsü Son Makkormak (Sean Mccormack) mətbuata verdiyi açıqlamada bildirb ki, Fransa hökuməti istənilən müqavilənin beynəlxalq müqavilələrə hörmətlə həyata keçirilməsinə böyük diqqət ayıracak. "Biz atom enerjisindən karbo- hidrogenlərə alternativ enerji kimi dinc məqsədlərlə istifadəsini dəstəkləyirik. Lakin onun yayılması riskinin qarşısını almaq üçün bütün ehtiyat tədbirləri görülməlidir".

Liviya hökumətinin özünün nüvə silahı proqramından könüllü şəkildə imtina etdiyini xüsusi qeyd edən sözçü, "uyğun təminatlar verməklə onun atom enerjisindən dinc məqsədlərlə necə istifadə etdiyini görmək lazimdir" - deyib

Xəbər lenti

Xəbər lenti