Fransa, Strasburq, / Trend müxbir A.Məhərrəmli/ Avropa Komissiyası ətraf mühitin mühafisəsini əsas gətirərək Polşada avtomagistral yolunun tikintisinin qarşısını almağa cəhd edir. Bu məqsədlə iyulun 30 -da avqust ayının 1- dən etibarən işlərin yenidən başlanmasının qarşısını almaq üçün Avropa İttifaqı məhkəməsinə müraciət edilib.
Qeyd edək ki, la Via Baltica (Aİ "Via Baltika" adlandırılan layihə çərçivəsində Polşanın bütün avtomagistral yollarının tikintisi üçün 480.000 000 avro maliyyə vəsaiti ayırıb) lahiyəsi digər Baltikyanı ölkələrdən keçməklə Polşa ilə Estoniyanın paytaxtı Tallin şəhərini birləşdirməyi nəzərdə tutur. Məsələnin qarşıdurmaya səbəb olan tərəfi isə avtomagistralın 40 km -lik hissəsinin Rospuda (Rospuda) vadisinindən keçməklə onun ekoloji tarazlığını təhlükə altına qoymasıdır. Polşanın şimal-şərq hissəsində, Litva ilə sərhəddə bataqlıq ərazidə yerləşən Rospuda vadisi nadir quş növlərinin məskunlaşdığı mühafizə olunan zonadır.
Regionda mühafizə olunan quşların yuva salması mövsümü ilə əlaqədar olaraq aprel ayında təxirə salınan işlər (Brussel tərəfindən) avqustun ayının 1-dən etibarən yenidən davam etdirilicək. "Avropa Komissiyası Avropa İttifaqı məhkəməsindən ərazinin bütövlüyünü saxlamağı təmin edəcək qərar verməyi tələb edib" - deyə Avropa Komissiyasının Ətraf mühit üzrə komissarı Stavros Dimas (Stavros Dimas) bildirib.
Avtomagistral yolunun Polşanın Ogustov (Augustow) şəhərindən yan keçməsini təmin etmək üçün çertyojda onun Rospuda vadisindən keçməsi planlaşdırılır. Çoxdan hazır olan lahiyə 2003 -cü ildə, yəni Polşanın Aİ- yə qəbulundan bir il əvvəl təsdiq olunub.
Avropa Komissiyasina görə, "inanılmaz bir dəyərə" malik olan Rospuda vadisi Avropada "yeganə olan" ekosistemi mühafizə edir. Fevral ayında məsələnin həlli yolunda maneələrin qaldığını görən Avropa Komissiyası mart ayında bu işlə bağlı Avropa İttifaqı məhkəməsinə müraciət edib, lakin həmin müraciətdə o, işlərin dayandırılması tələbi ilə cixış etməyib. "Bizim ərizəmiz məhkəmə tərəfindən qəbul olunarsa, o, Polşaya işləri yenidən davam etdirməmək haqqında göstəriş verəcək "- deyə Ətraf mühit üzrə komissarın sözçüsü xanım Barbar Helferiş (Barbara Helfferich) əlavə edib. O, məhkəmənin onlara çərşənbə günündən əvvəl cavab verəcəyinə ümid etdiyini bildirib. Qeyd edək ki, ətraf mühitin mühafizəsi təşkilatları, o cümlədən Greenpeace təşkilatı, qoruğun müdafiəsinə qalxıblar. Belə ki, onlar Rospuda vadisini müdafiə etmək üçün gələcək tikinti sahəsinin yaxınlığında çadırlar qurub.
Polşa hakimiyyəti isə dəymiş zərərin qarşılığını ödəyəcək tədbirlər təklif etməklə ətraf mühit sahəsindki tələblərə uyğun hərəkət etdiyini izah edir. Ogustov (Augustow) şəhərinin sakinləri isə işlərin yenidən başlanmasını dəstəkləyirlər, çünki bu onlara hər gün minlərələ ağır yük maşınlarının şəhərdən yan keçməsinə imkan verəcək. Litva hakimiyyəti də öz növbəsində Baltikyanı ölkələrlə Aİ -nin digər ölkələrini birləşdirəcək önəmli lahiyəni dəstəklədiyini bildirib.