Bakı. Azad Həsənli - Trend:
Azərbaycanda vergilərin hesablanması və yenidən hesablanması, vergilər üzrə faizlər və vergi ödəyicilərinə qarşı tətbiq edilən maliyyə sanksiyaları ilə bağlı vergi yoxlamalarının müddətini bir ilədək azaltmaq təklif olunur. Trend-in məlumatına görə, bu barədə təkliflə "Şəffaflıq Azərbaycan" Korrupsiyaya Qarşı Mübarizə İctimai Birliyinin layihə koordinatoru Məhəmməd Muradov "Daşınmaz əmlak vergisi" mövzusunda keçirilən "dəyirmi masa"da çıxışında deyib.
Mövcud qanunvericiliyə əsasən, vergi orqanları son 3 ildə vergi ödəyicisinin fəaliyyətini yoxlaya bilərlər. Bununla belə, onlar hesabat dövrü başa çatdıqdan sonra 3 il ərzində vergi ödəyicilərinin vergilərini, faizlərini və maliyyə sanksiyalarını hesablamaq, eləcə də 5 il ərzində hesablanmış məbləği götürmək hüququna malikdirlər.
Onun sözlərinə görə, belə təcrübə sahibkarların işini çətinləşdirir: "Çünki onlar bilmirlər ki, bu 3 il ərzində vergilərin yenidən hesablanması nə vaxt baş verə bilər. Bu həm də biznes proqnozlaşdırmanı çətinləşdirir".
M.Muradov, həmçinin vergilərin məbləğini, faizləri və maliyyə sanksiyalarının hesablanmasının (yenidən hesablanması) alınma dövrünü 5 ildən iki ilədək azaltmağı təklif edir.
Tədbir ABŞ-ın İnkişaf Agentliyinin USAID-in maliyyə dəstəyilə keçirilir.