Bakı. Trend:
Bank Standard bağlanmayıb və bankın üzləşdiyi çətinliklərlə əlaqədar dövlət onun idarəsini öz üzərinə götürüb. Trend-in məlumatına görə, bunu jurnalistlərə Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının sədri Rüfət Aslanlı deyib.
R.Aslanlı bildirib: "Dövlət bu bankın arxasında durub ki, bankın fiziki, eləcə də hüquqi şəxsləri öz depozitlərini itirməsin".
Onun sözlərinə görə, hazırda müvəqqəti təyin edilmiş inzibatçı bankın maliyyə cəhətdən sağlamlaşdırılması ilə məşğuldur: "Bankın pul vəsaitlərinin axını ilə üzləşməməsi və əhali arasında ajiotaj yaranmaması üçün işlər aparılır".
Palata rəhbəri bankın bağlanması haqqında məlumatları əsassız adlandırıb: "Bankın bağlanması barədə heç söhbət belə yoxdur".
Onun sözlərinə görə, bankdakı bütün əmanətlər yeni qanuna müvafiq olaraq tam sığortalanıb: "Ona görə narahatlığa heç bir əsas yoxdur".
R.Aslanlı həmçinin vurğulayıb ki, Bank Standard müflis elan olunmayıb.
Qeyd edək ki, Bank Standard 1995-ci ildə yaradılıb.