Azərbaycan, Bakı, 5 dekabr /Trend, müxbir E.İsmayılov/
"Azərbaycan Dəmir Yolları" QSC dəmir yollarının təhlükəsizliyini təmin etmək məqsədilə 46 keçidi ləğv edib. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü jurnalistlərə QSC-nin rəhbəri Arif Əsgərov bildirib.
"Ölkənin dəmir yollarında keçidlərin ümumi sayı 360-ı ötür. Bunlardan 318-i mühafizə olunmur", - Əsgərov bildirib.
Onun sözlərinə görə, keçidlərdə tez-tez baş verən qəza halları ilə bağlı aparılan analiz nəticəsində mühafizə olunan keçidlərə nəzarət gücləndirilib. Təhlükəli hesab edilən keçidlər bağlanıb.
Əsgərov onu da qeyd edib ki, Bakı-Böyük Kəsik marşrutu üzrə dəmir yol xəttinin müasirləşdirilməsi və yenidən qurulması çərçivəsində qatarların hərəkət sürəti saatda 140 kilometrə çatıb ki, bu da yüksək sürətlə bağlı təhlükəsizliyin təmin olunması nöqteyi-nəzərindən keçidlərin sayının xeyli azalmasını tələb edir.
Bu sahədə aparılan yenidənqurma işləri çərçivəsində yolun nəzərdə tutulmuş 317 kilometrindən 155 kilometrdən çoxu artıq təmir edilib.