...

Beynəlxalq ictimaiyyətin göz yumduğu erməni terroru

Siyasət Materials 17 Sentyabr 2012 13:22 (UTC +04:00)

Elçin Mehdiyev, Trend İnformasiya Agentliyinin icmalçısı

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin zabiti, Macarıstanda ömürlük həbs cəzasına məhkum olunmuş Ramil Səfərovun 31 avqust 2012-ci il tarixdə ölkəmizə ekstradisiya edilməsi və Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən əfv olunmasından sonra Ermənistanda ictimai-siyasi vəziyyətin gərginləşməsi və beynəlxalq aləmdə antiazərbaycan meyillərin formalaşdırılması cəhdləri müşahidə olunur.

Təəssüflər olsun ki, ermənilərin indiyə qədər Azərbaycana qarşı törədiyi saysız terror hadisələrinə göz yuman beynəlxalq ictimaiyyətin Ramil Səfərovun azad olunması məsələsində mövqeyi yenə terrorçu Ermənistanın xeyrinə işlədi.

Hesabında milyonlarla günahsız insanın qətli olan erməni terroru 100 ildən artıq tarixə malikdir. Xüsusən Dağlıq Qarabağ münaqişəsi zamanı Azərbaycan ərazilərinin işğalı ilə nəticələnmiş hərbi əməliyyatlara dəstək məqsədi ilə 1988-1994-cü illərdə Ermənistan tərəfindən Azərbaycan ərazisində dinc əhaliyə və vacib infrastruktur obyektlərə qarşı cəbhə bölgəsindən uzaqlarda xeyli terror aktları və aksiyaları həyata keçirilib. Həyata keçirilmiş belə 22 terror aktı nəticəsində 2000 nəfərdən artıq insan həlak olub.

Lakin bu cür qatı terror aksiyaları həyata keçirən erməni qaniçənləri heç bir halda cəza almayıblar. 20-ci əsrin əvvəllərində yüz minlərlə türk-müsəlmanın qatili olmuş Dro, Andranik Ozarıyan, Qaregin Njde, Soqomon Teyleryan kimi şəxslər bu gün Ermənistanda milli qəhrəman səviyyəsinə qaldırılıb, onların adları müxtəlif formada əbədiləşdirilib. İrəvan şəhərinin Yerablur hərbi məzarlığında ASALA-nın ölmüş üzvlərinin xatirəsinə həsr olunmuş abidə kompleksi mövcuddur. Əhalinin müxtəlif təbəqələri, о cümlədən dövlət rəhbərliyi tərəfindən anım mərasimlərində ziyarət edilir.

İtaliyada uzun müddət qanlı terror hadisələri törətmiş "Qırmızı Briqada" terrorçu təşkilatının üzvü Marina Petrella 15 il ərzində Fransada sərbəst yaşadıqdan sonra İtaliyanın xahişi ilə 2007-ci ildə Paris ətrafında həbs olunub. Hələ İtaliya məhkəməsinin 1992-ci il tarixli qərarı ilə 1981-ci ildə törədilmiş polis zabitinin qətlinə, eləcə də adam və silah oğurluğu daxil olmaqla, digər cinayətlərə görə Petrellaya ömürlük azadlıqdan məhrum etmə cəzası verilmiş, Fransa məhkəməsi isə onun ekstradisiyası haqqında qərar qəbul etmişdi. Məhkəmə qərarını ləğv etmək və ya dəyişmək səlahiyyəti olmayan Fransa Prezidenti (Nikola Sarkozi) İtaliyanın Baş nazirinə (Silvio Berluskoni) "Böyük Səkkizliyin" 2008-ci ildə keçirilmiş zirvə görüşündə ölkəsinin Petrellanı əfv olunmaq şərtilə İtaliyaya verəcəyini bildirib. Yəni, Fransa Prezidenti İtaliyada terror əməllərini törətmiş Petrellanı qeyd-şərtsiz ekstradisiya etməli olduğu halda, onun İtaliyada əfvi ilə əlaqədar İtaliya Baş nazirindən təminat alıb.

Digər bir faktı də nəzərdən keçirək. 11 sentyabr 1992-ci ildə Kəlbəcər rayonunda saxlanılmış, Ermənistanda dislokasiya olunmuş Rusiya Silahlı Qüvvələrinin 7-ci ordusunun (39826 saylı hərbi hissə) hərbi qulluqçuları olan şəxslər, sıravilər - Yaroslaf Yevsteqneyev, Vladislav Kudinov, Konstantin Tukiş, Andrey Filippov, Mixail Lisovoy və baş leytenant Vladimir Semion Azərbaycan Ali Məhkəməsinin Hərbi Kollegiyasının qərarı ilə azadlıqdan məhrumetmə və ölüm cəzasına məhkum edilmişlər. Məhkəmə onları 15 iyun 1992-ci ildə Ağdərə rayonunun Sırxavənd kəndi uğrunda gedən döyüşlərdə iştirak etməkdə, о cümlədən həmin döyüşdə Azərbaycan Ordusunun xeyli sayda əsgərini öldürməkdə təqsirli bilmiş və V.Semion 15 il müddətinə azadlıqdan məhrum etmə, qalanları isə ölüm cəzasına məhkum olunmuşdular. Milli Məclisin 693 saylı 3 sentyabr 1993-cü il tarixli qərarı ilə Rusiya Federasiyasının Prezidenti В.N.Yeltsin və Rusiya Federasiyası Ali Sovetinin sədri R. İ. Xasbulatovun müraciətlərini nəzərə alaraq, həmin şəxslər Rusiya Federasiyası dövlət orqanlarına təhvil verilmişdi. Adları çəkilən hərbi qulluqçular Rusiyaya gətirildikdən sonra azadlığa buraxılmışdılar.

Bundan başqa, 1991-ci il yanvar ayının 9-da jurnalist Salatın Əsgərova və rus hərbçilərinin ölümü ilə nəticələnmiş terror aktında iştiraka görə həbs olunmuş Artaşes Mkrtıçyan, Manvel Sarkisyan, Artur Zaxaryan, Artaşes Zaxaryan, Yenok Osipyan, Arvid Manqasaryan, Qaqik Arutyunyan və Qarnik Arustamyan cəzalarının qalan müddətinin Ermənistan ərazisində çəkilməsi şərti ilə girov götürülümş Xocalı sakinləri və digər azərbaycanlı vətəndaşlarla dəyişdirilmişdilər. Lakin adıçəkilən cinayətkarlar Ermənistanda azadlığa buraxılmışdılar.

Azərbaycan Xalq Cümhuriyyətinin daxili işlər naziri Behbud xan Cavanşirin qatili olmuş Misak Torlakyan 1921-ci ildə Britaniya hərbi tribunalının qərarı ilə təqsirli bilinib, lakin "cinayəti törədən an anlaqsız olması" bəhanəsi ilə məsuliyyətdən azad edilmişdi. Sonradan o, Yunanıstan, Almaniya və ABŞ-da yaşamışdı.

Varujan Karapetyan - 1983-cü il 15 iyul tarixində Orli hava limanında törədilmiş terror aktına görə 1985-ci ildə Parisdə andlılar məhkəməsinin qərarı ilə təqsirli bilinmiş və ömürlük həbs cəzasına məhkum edilmişdir. Erməni mənbələrinə görə, Ermənistan prezidenti Robert Köçəryanın müraciətindən və ASALA təşkilatının terror aksiyalarını yenidən başlamaq barədə hədələrindən sonra 2001-ci il 24 aprel tarixində Ermənistan vətəndaşı olmadığı halda bu ölkəyə ekstradisiya edilmişdir və yenə də bu respublikanın vətəndaşı olmadığı halda prezident tərəfindən əfv olunmuşdur. Ermənistanda baş nazir (Andranik Markaryan) səviyyəsində qəbul edilmişdir və qəhrəman qismində ictimaiyyətə təqdim olunmuşdur.

Varujan Karapetyanın törətdiyi cinayətin iştirakçısı olmuş Suren Nayriyan da 1994-cü ildə həbsdən azad edildikdən sonra Ermənistana gəlmişdir.

Monte Melkonyan - 1980-cı ildə ASALA-ya üzv olmuşdur. Roma, Afina və digər şəhərlərdə keçirilən əməliyyatlarda iştirak etmişdir. 1981-ci ildə Parisdə Türkiyə səfirliyinin binasının tutulması əməliyyatının planlanması və həyata keçirilməsinə yardım etdiyi üçün həbs edilmiş, lakin həmin il azadlığa buraxılmışdır. 1985-ci ildə terrorçuluq fəaliyyətinə və qanunsuz silah saxlanılmasma görə Parisdə 6 il həbs cəzasına məhkum edilmiş, 1989-cu ildən həbsdən azad edilmişdir. Qarabağ müharibəsində Ermənistan ordusunun silahlı birliklərindən birinə komandanlıq etmişdir. Dinc Azərbaycan sakinlərinə qarşı qəddarlığı ilə fərqlənən Melkonyan 1996-cı ildə Ermənistanın milli qəhrəmanı adına layiq görülmüş, ölkənin müxtəlif şəhərlərində onun abidələri qoyulmuş, təhsil müəssisələrinə adı verilmişdir.

Vazgen Sislyan - 1981-ci ildə Parisdəki Türkiyə səfirliyinə qarşı "Van əməliyyatı" adlı terror aktının təşkilatçısı olduğu üçün həbs edilmiş, 1986-cı ildə o və hücumda iştirak edən digər iki erməni terrorçu Akop Culfayan, Qevorq Gözəlyan həbsdən azad olunmuşlar. Нər üçü əvvəlcə Livana, sonra daimi yaşayış üçün Ermənistana köçmüşdür. Vazgen Sislyan və Qevorq Gözəlyan 1992-ci ildən Qarabağ müharibəsində Ermənistan ordusunun tərkibində vuruşmuşlar. Qevorq Gözəlyan "Metsn Murad" dəstəsinin komandiri olmuşdur. Vazgen Sislyan "Qarabağ müharibəsi qəhrəmanı" fəxri adına layiq görülmüşdür. Hazırda Vazgen Sislyanla Akop Culfayan keçmiş ASALA terrorçularından ibarət "Uxt Ararati" təşkilatının üzvüdür.

Samvel Babayan - 13 avqust 1991-ci il tarixində dinc azərbaycanlı əhaliyə qarşı terrorçuluq aksiyaları keçirməkdə ittiham olunaraq həbs edilmiş, 29 noyabr 1991-ci il tarixində Azərbaycana qarşı hərbi əməliyyatlarda iştirak etməmək şərtilə, girov götürülmüş azərbaycanlı əsirlə dəyişdirilmişdir. Lakin Qarabağ müharibəsində hərbi hissə komandiri qismində Azərbaycan ordusuna qarşı döyüşmüş, Şuşa əməliyyatının hazırlanmasında iştirak etmiş, qondarma "Dağlıq Qarabağ Respublikasının" müdafıə naziri olmuşdur.

Həmçinin Dağlıq Qarabağ ərazisində dinc azərbaycanlılara qarşı kütləvi qətllərdə iştirak etmiş Karlen Ayrumyan, Suren Saturyan, Stanislav Sərdaryan, Aleksandr Qriqoryan, Jon Arakelyan, Qərib Arutyunyan, Qabriel Qayamyan və Emil Balayan da cəzalarının qalan müddətini Ermənistan ərazisində çəkilməsi şərti ilə girov götürülmüş dinc Azərbaycan sakinləri ilə dəyişdirilib, lakin bu cinayətkarlar da Ermənistana təhvil verilən kimi azadlığa buraxılıb.

Ümumilikdə, törətdikləri əməllərə görə ayrı-ayrı ölkələrdə çoxsaylı qətllərdə ittiham edilərək məhkəmə hökmü ilə məhkum olunmuş erməni cinayətkarlarının ekstradisiyası və sonradan əfv edilərək qəhrəmanlaşdırılmasının isə kifayət qədər nümunəsi mövcuddur.

Bu gün də terrorçuluğu dövlət siyasətinə çevirən Ermənistanın dinc Azərbaycan əhalisinə qarşı fəaliyyəti hərbi vasitələrlə davam etdirilir. Belə ki, 1994-cü ildən Ermənistanla atəşkəs əldə olunmasına baxmayaraq, bu ölkənin silahlı qüvvələri tərəfindən müntəzəm olaraq atəşkəs rejimi pozulur. Bu zaman Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları ilə yanaşı, cəbhə bölgəsində yaşayan dinc əhali də əsas hədəfə çevrilir. Təkcə son beş il ərzində (2007-2012-ci illər) cəbhəboyu ərazilərdə 11 dinc sakin həlak olub, 31 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Ermənistan xüsusi xidmət orqanları Azərbaycana qarşı təxribat-pozuculuq və terrorçuluq aksiyalarının törədilməsini planlaşdırır, o cümlədən müxtəlif kütləvi informasiya vasitələrində erməni terror təşkilatları tərəfindən də Azərbaycan vətəndaşlarına qarşı təhdid xarakterli bəyanatlar yayılır.

Ancaq təəssüflər olsun ki, bütün bunların qarşısını almağa heç bir səy göstərməyən beynəlxalq ictimaiyyət Azərbaycanı qınayan, terrorçu Ermənistanı isə növbəti terror aksiyasını həyata keçirməyə həvəsləndirən bəyanatlar verməklə kifayətlənirlər.

Xəbər lenti

Xəbər lenti