...

Rauf Əliyev: Antiazərbaycan qüvvələri öz çirkin məqsədləri üçün idmanı siyasiləşdirirlər

Baku 2015 : EUROGAMES Materials 11 İyun 2015 10:33 (UTC +04:00)
Birinci Avropa Oyunları kimi tarixə düşəcək bir yarışın Azərbaycanda keçirilməsi və bu oyunlara hazırlıq işlərinin çox yüksək səviyyədə başa çatdırılması Azərbaycanı istəməyən qüvvələri son vaxtlar daha da fəallaşdırıb. Bunu Trend-ə Milli Məclisin deputatı Rauf Əliyev deyib.
Rauf Əliyev: Antiazərbaycan qüvvələri öz çirkin məqsədləri üçün idmanı siyasiləşdirirlər

Azərbaycan, Bakı, 11 iyun /Trend, müxbir Elçin Mehdiyev/

Birinci Avropa Oyunları kimi tarixə düşəcək bir yarışın Azərbaycanda keçirilməsi və bu Oyunlara hazırlıq işlərinin çox yüksək səviyyədə başa çatdırılması Azərbaycanı istəməyən qüvvələri son vaxtlar daha da fəallaşdırıb. Bunu Trend-ə Milli Məclisin deputatı Rauf Əliyev deyib.

R.Əliyev bildirib ki, bu qüvvələr çox yaxşı başa düşürlər ki, bu Oyunların yüksək səviyyədə keçirilməsi Azərbaycanın dünyadakı nüfuzunu daha da artıracaq, ölkəmizin nəyə qadir olduğunu bütün dünyaya nümayiş etdirəcək: "Yarışlarda iştirak edən idmançılar, nümayyəndə heyətlərinin üzvləri, turistlər əyani surətdə Azərbaycanda əldə olunmuş nailiyyətlərlə, real vəziyyətlə tanış olacaqlar. Bundan başqa, dünyanın aparıcı telekanalları Azərbaycan həqiqətlərini bütün dünyaya yayımlayacaqlar. Buna görə də antiazərbyacan qüvvələr nəyin bahasına olursa-olsun Azərbaycanın imicinə kölgə salmağa cəhd göstərirlər".

R.Əliyev deyib ki, Avropanın və ABŞ-ın insan hüquqları və demokratiya sahəsindəki ixtisaslaşmış qurumları, Avropa Parlamentinin, Avropa Şürasının və Avropa Birliyinin bəzi qurumları tərəfindən Azərbaycana qarşı hücumlar daha da güclənir: "Avropa Parlamentinin Azərbaycanda I Avropa Oyunlarının keçirilməsi ilə bağlı "İdman və insan hüquqları" mövzusunda dinləmələr aparması Azərbyacana qarşı aparılan qarayaxma kampaniyasının tərkib hissəsidir. Bu dinləmələrin ideya müəllifləri Avropa Parlamentinin sədri Martin Şults və onun müavini Avropa Yaşıllar Partiyasının üzvü Ulrike Lunarçekdir.

R.Əliyev qeyd edib ki, antiazərbaycan qüvvələr öz çirkin məqsədləri üçün böyük bir idman bayramından siyasi alət kimi istifadə etməyə cəhd göstərirlər: "Çox maraqlıdır ki, üzdəniraq hüquq müdafiəçiləri insan hüquqlarından danışarkən doğma ata-baba yurdlarından qovulmuş bir milyondan artıq Azərbaycan vətəndaşının hüquqlarını niyə yada salmırlar? Niyə Avropa Parlamenti Ermənistan dövlətinin qonşu Azərbaycanın ərazisini işğal etməsini pisləyən, onu təcavüzkar bir dövlət kimi tanıması məsələsini müzakirəyə çıxarmır? Çünki bu qüvvələr əksinə, Ermənistanın təcavüzkar siyasətini gizləmək, ona don geyindirmək üçün daima çalışırlar ki, Azərbaycanla Ermənistanın mövqeyini eyniləşdirsinlər".

R.Əliyev sonra vurğulayıb ki, məqsəd Bakıda keçiriləcək möhtəşəm idman tədbirinin açılış günü ərəfəsində bu mötəbər yarışın keçirilməsinə, ümumilikdə isə Azərbaycanın imicinə kölgə salmaqdır: "Ancaq bu cəhdlər bu vaxta kimi boşa çıxıb və bundan sonra da boşa çıxacaq. Azərbaycan həmişə əməkdaşlıq etdiyi bütün ölkələrlə, o cümlədən qərb dünyasını təmsil edən dövlətlərlə də münasibətini müstəqil sürətdə qarşılıqlı anlaşma və fayda prinsipləri əsasında qurmağa çalışıb və bundan sonra da belə olacaq. Ancaq Qərb dövlətləri Azərbaycanla münasibətlərini ancaq öz məqsədlərinə uyğun, öz istəkləri formasında qurmağa çalışırlar. Göstərilən təzyiqlərin əsas səbəbi budur".

R.Əliyev qeyd edib ki, bütün bu antiazərbaycan kampaniyalarının heç bir nəticəsi olmayacaq: "Çünki Azərbaycan öz Prezidenti İlham Əliyevin müəyyənləşdirdiyi müstəqil, Azərbaycanın milli maraqlarına cavab verən siyasəti ilə daha da inkişaf edəcək və bütün sahələrdə yeni-yeni uğurlara imza atacaq. Birinci Avropa Oyunları Bakıda yüksək səviyyədə keçiriləcək və tarixə qızıl hərflərlə yazılacaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti