...

Baş məşqçi cüdoçularımızın uğursuzluqlarının səbəblərini və problemləri açıqladı

Baku 2015 : EUROGAMES Materials 27 İyun 2015 16:53 (UTC +04:00)
“Bu dəfə belə alındı. Ölüm-zad deyil ki?! Yarışda uda da bilərsən, uduza da bilərsən. Ruhdan düşmək olmaz”.
Baş məşqçi cüdoçularımızın uğursuzluqlarının səbəblərini və problemləri açıqladı

Azərbaycan, Bakı, 27 iyun /Trend, müxbir İlkin İzzət/

"Bu dəfə belə alındı. Ölüm-zad deyil ki?! Yarışda uda da bilərsən, uduza da bilərsən. Ruhdan düşmək olmaz". Bunu Trend-ə Azərbaycanın cüdo üzrə milli komandasının baş məşqçisi Hacıağa Hacıəhmədov Azərbaycan cüdoçularının Avropa Oyunlarındakı uğursuzluqlarının səbəblərini açıqlayarkən deyib.

Baş məşqçinin sözlərinə görə, onlar Avropa Oyunlarında cüdoçularımızdan daha çox medal gözləyirdilər: "Əsasən da Orxan Səfərov, Nicat Şıxəlizadə, Rüstəm Orucov, Elxan Məmmədovdan gözləyirdim. Bu idmandır. Ola bilər ki, bəzən ardıcıl yarışlardan sonra idmançıda eniş olsun. Bəzilərinin isə hamı onlardan medal gözləyirdi deyə, üzərində gərginlik var idi. Bəlkə də yarış Bakıda yox, başqa yerdə olsaydı, nəticə başqa cür olardı. Əslində, biz heç vaxt cüdo üzrə Avropada elə də çox medallar qazanmamışıq. İldə bir və ya iki medal olub".

Bununla belə H.Hacıəhmədovun fikrincə, yarışdakı uğursuzluq heç də yetirmələrinin zəif olması anlamına gəlmir: "Bizim uşaqlar zəif deyillər. Burada cüdoçulara iki medal verilir - Avropa Oyunlarının və Avropa çempionatının medalları. Üstəgəl, bu, olimpiadaya lisenziya xalları verən yarışlardır. Olimpiadada da ən çox medalı məhz avroplalılar qazanır. Yəni bura Avropanın ən güclü cüdoçuları gəlib".

O, cüdoçuların uğursuzluğuna federasiya daxilində gedən proseslərin də təsiri olduğunu istisna etməyib: "Böyük idmanda cüzi şeylərin də təsiri var. Problem olanda onları axtarmaq lazımdır. Hər şey təkcə idmançıdan asılı deyil".

Baş məşqçi hesab edir ki, bəzən uğursuzluğun olması bir tərəfdən yaxşıdır: "Adam uduzanda ruhdan düşməməlidir. Bu bir marafondur. Amma mən onlarda yorğunluq görmədim. Onlar il ərzində turnirlərdə yaxşı çıxış etdilər, hətta çempion da oldular, medal qazandılar. İndi də hamı onlardan medal gözləyirdi. Düzdür, medal qazanmaq yaxşı şeydir. Biz də qələbə qazanmaq istəyirdik və gözəlyirdik. Ola bilər ki, uşaqlar döyüşlərini taktiki cəhətdən düz qura bilmədilər. Ən əsası məqsədin olmasıdır. Məqsəd isə Olimpiya oyunlarıdır. İndi əsas məsələ mövcud səhvləri, çatışmazlıqları tapıb, onları aradan qaldırmaq və daha böyük yarışlarda onları təkrar etməməkdir. Qarşıda avqust ayında Astanada dünya çempionatı keçiriləcək. İndi ona hazırlaşmaq lazımdır".

O bildirib ki, komandada əsas problem zədələrin çox olmasıdır: "Gürcüstanda Elmar Qasımovla güləşəndə Elxan Məmmədovun qabırğası çatlamışdı. Sonra bir müddət müalicə və gözləntilər oldu. Son zamanlar zədələr Elxana çox mane olur. İndi bu yarışlarda 3 nəfər zədələndi. Bir tərəfdən Orxan Səfərovun medal almasına sevinirəm, digər tərəfdən, çox pis zədə alıb, hətta əməliyyat olunma ehtimalı da var. Rüstəm Orucovun isə gözlənilmədən qolu çatlayıb".

Xanım cüdoçularımıza gəlincə, baş məşqçinin sözlərinə görə, burada problem daha dərindir: "Mən qızlardan heç danışmaq belə istəmirəm. Qızlardan çoxunu bəzi səbəblərə görə heç yarışlara göndərə bilmirik. Yarışlar Bakıda keçirilirdi deyə, biz onları siyahıya saldıq. Amma mən bilirdim ki, qızlar tatamiyə çıxanda uduzacaqlar. Ola bilər ki, gələcəkdə bəlkə də hansısa irəliləyiş olsun. Biz qızları buraxmaya da bilərdik. Amma cavanlardır. Yalnız Kifayət Qasımova nisbətən təcrübəli idmançıdır. Onun da çiyni zədəli olduğuna görə, 1 il yarışlarda ümumiyyətlə iştirak etməyib. Onun ilk yarışı budur".

Mütəxəssis hesab edir ki, qadın cüdoçularla bağlı xüsusi sistem yaradılmalıdır: "Qız cüdoçular az diqqət gördüyünə görə yarışlara gedə bilmirlər. Buna vaxt lazımdır. Sistem yaradılmalıdır. Bu problemi bir-iki yarışla həll etmək olmaz. Əvvəla, qızların maliyyələşməsi fərqli olmalıdır. Yeniyetmələrdən, gənclərdən başlamış onların baş məşqçiləri, hər şeyi ayrı olmalıdır. O vaxt bəlkə 1-2 il gözləməklə nəticə əldə etmək olar. Amma sistem olmasa, çətin ki, nəticələr də olsun".

Xatırladaq ki, Avropa Oyunlarında 3 gün keçirilən fərdi cüdo yarışlarında gözdən əlillər istisna olmaqla Azərbaycanın 18 təmsilçisi mübarizə aparıb. Onlardan yalnız Orxan Səfərov (-60 kq) gümüş medal qazana bilib.

Yarışların ikinci günündə gözdən əlil cüdoçularımız isə Azərbaycana bir dəst medal qazandırıblar. Paracüdoçularımızda İlham Zəkiyev (+90 kq) qızıl, Səbinə Abdullayeva (-57) gümüş, Zakir Mislimov (+90 kq) isə yarışların bürünc medallarını əldə ediblər.

Sabah Avropa Oyunlarının son günündə cüdo üzrə kişi və qadınlar arasında komanda yarışları keçiriləcək. Lakin Azərbaycan yığması zədələr səbəbindən komanda yarışlarında iştirakdan imtina edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti