...

Aynişan "Eurovision"da ölkəni təmsil edəcəksə, onun ən birinci jürisi mən olmalıyam - müğənni Aybəniz Haşımova (FOTO)

Mədəniyyət Materials 12 Yanvar 2011 18:45 (UTC +04:00)
Azərbaycanı sayca 56-cı dəfə keçiriləcək "Eurovision" mahnı müsabiqəsində təmsil edəcək müğənnilər arasında real namizədlərdən biri də əməkdar artist, "Bülbüllər" qrupunun yaradıcısı Aybəniz Haşımovanın qızı Aynişan Quliyevadır. İctimai Televiziyada (İTV) yayımlanan yarımfinal mərhələsində uğurla çıxış edən Aynişan ötən gün risk edərək, sözləri xalq şairi Fikrət Qocaya, musiqisi xalq artisti Polad Bülbüloğluna məxsus olan "Gəl ey səhər" mahnısını ifa etdi.
Aynişan "Eurovision"da ölkəni təmsil edəcəksə, onun ən birinci jürisi mən olmalıyam - müğənni Aybəniz Haşımova (FOTO)

Azərbaycan, Bakı, 12 yanvar /Trend, müxbir Ş.Cavadsoy/

Azərbaycanı sayca 56-cı dəfə keçiriləcək "Eurovision" mahnı müsabiqəsində təmsil edəcək müğənnilər arasında real namizədlərdən biri də əməkdar artist, "Bülbüllər" qrupunun yaradıcısı Aybəniz Haşımovanın qızı Aynişan Quliyevadır. İctimai Televiziyada (İTV) yayımlanan yarımfinal mərhələsində uğurla çıxış edən Aynişan ötən gün risk edərək, sözləri xalq şairi Fikrət Qocaya, musiqisi xalq artisti Polad Bülbüloğluna məxsus olan "Gəl ey səhər" mahnısını ifa etdi.

Trend Life-a açıqlamasında Aybəniz xanım qızının mürəkkəb musiqi əsərinə müraciət etməsinə belə aydınlıq gətirdi. "Qızıma verdiyim vacib məsləhətlərimdən birincisi elə bu oldu ki, xalq sənin keyfiyyətini görməlidir. Məlumdur ki, Azərbaycanda xarici musiqini hamı başa düşüb qəbul etmir. Və bu da faktdır ki, milli musiqilərimizi ifa edən istənilən müğənni kiçik səhvə yol verirsə, bu, tamaşaçı gözündən yayınmır. 40 illik sənət təcrübəmə əsaslanıb Aynişana söylədim ki, əgər sən müğənni kimi səhnədə varsansa, demək mütləq olduğun kimi görünməlisən. "Gəl ey səhərim" əsəri mürəkkəb olsa da, çətinliyindən ehtiyatlanma. Və birinci gün deyil ki, bu cür musiqiləri eşidirsən. Deyərdim ki, o, möhtəşəm musiqilərin beşiyində böyüyüb. İnanın, bu sözlərimdən sonra, o, 3 günə bu mahnını hazırladı. Gecələr də yatmırdı. Səhərədək oxuyub məşqlər edirdi. Uşağı əldən salmışdım. Qızıma dedim ki, elə etməlisən ki, bu mahnıya verəcəyin yeni nəfəslə səhnədə səni müğənni kimi görsünlər. Dünənki efir günü bacardığı qədər çalışdı "Gəl ey səhər"i mükəmməl ifa etmək üçün. Aynişan heç vaxt toylara getməyib, yalnız "Bülbüllər" kolektivində səhnələrə çıxıb. Nəzərə alsaq ki, yarımfinalda mübarizə aparan iştirakçıların əksəriyyəti toylarda özünü sınamış uşaqlardır. Axı, toy səhnəsi də müğənninin istər-istəməz püxtələşməsinə kömək edir, publikaya alışmaq çətin olmur. Aynişanın həyəcanına yalnız bu nöqteyi-nəzərdən haqq qazandırıram. Şəxsən dünən səhnədəki çıxışından sonra özünə də dedim ki, qızım, artıq sənə görə narahat olmayacağam", - Aybəniz Haşımova deyib.

Əməkdar artist, "qızınızı beşlikdə görürsünüzmü" sualımızı cavablandırmaq istəmədi. "İllərdən bəri peşəkar səhnədə əməlli-başlı can qoyuram. İnanın, oxuyanda elə ola bilər ki, mən həmin dəqiqə ölə də bilərəm. Çünki ifa etdiyim bütün musiqilərə heç vaxt adi yanaşmamışam. Hər biri mənim üçün bir həyatdır. Və o həyatı çalışmışam ki, olduğu kimi öz nəğmələrimdə yaşada bilim. Məni maraqlandıran həmişə musiqinin layiqincə təqdim olunmasıdır. Qızıma gəldikdə isə, yaratdığınız fürsətdən istifadə edib Aynişanın ifasına hörmətlə yanaşaraq, ona hətta 1 səs göndərən tamaşaçılara təşəkkür etmək istəyirəm. Minnətdaram ona görə ki, onların dəstəyi nəticəsində qızım yarımfinal mərhələsinə qədər irəliləməyə müvəffəq oldu. Əlbəttə, mən özüm də övladımı dəstəkləyirəm. Aynişan "Eurovision"da ölkəni təmsil edəcəksə, onun ən birinci jürisi mən olmalıyam. İcazə verə bilmərəm ki, ölkəmizin nüfuzuna zərər gətirə biləcək hansısa iştirakçı mötəbər musabiqədə çıxış etsin. Əgər tamaşaçılar Aynişanı rekord şəkildə dəstəkləyirsə, bu məni çox sevindirir. İstəyirəm ki, Aynişan öz ifalarında o qədər güclü olsun ki, başımızı həmişə uca tutsun! Qızım özü də bilir ki, mərhum atasının soyadını yaşatmasına baxmayaraq, həm də Haşımova kimi məsuliyyətli soyadı öz çiyinləri üzərində daşıyır. Mən də öz növbəmdə Aynişanın müəllimi kimi onunla qürur duyuram", - Haşımova əlavə edib.

Məlumat üçün bildirək ki, 14 yanvar tarixinə kimi davam edəcək yarımfinalın iştirakçıları aşağıdakı gənc müğənnilərdir: Aynişan Quliyeva, İlqarə İbrahimova, Eldar Qasımov, Çingiz Mustafayev, Günay İbrahimli, Nurlan Növrəsli, Arzum, Nigar Camal və İlhamə Qasımova. Məhz bu iştirakçılar arasından 5 ən layiqli namizəd seçiləcək və finala vəsiqə qazanacaq. Ölkə üzrə builki təmsilçimizin kimliyi əsas final mərhələsində müəyyən olunacaq. Final mərhələsinin fevralın 3-də keçiriləcəyi gözlənilir.

Xəbər lenti

Xəbər lenti