...

Faiq Ağayev Masallıda döyülməsi və cangüdəninin bıçaqlanması barədə danışdı

Mədəniyyət Materials 25 İyul 2011 15:54 (UTC +04:00)
ATV telekanalında yayımlanan "Tanıdım səni" layihəsinin Masallı rayonunda baş tutan çəkilişləri zamanı proqramın aparıcısı Zaur Baxşəliyevin və münsiflər heyətində təmsil olunan Azərbaycanın xalq artisti, tanınmış estrada ulduzu Faiq Ağayevin döyülməsi haqqında xəbərlər bu gün mediada əsl ajiotaja səbəb oldu.
Faiq Ağayev Masallıda döyülməsi və cangüdəninin bıçaqlanması barədə danışdı

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 25 iyul /Trend, müxbir Ş.Cavadsoy/

ATV telekanalında yayımlanan "Tanıdım səni" layihəsinin Masallı rayonunda baş tutan çəkilişləri zamanı proqramın aparıcısı Zaur Baxşəliyevin və münsiflər heyətində təmsil olunan Azərbaycanın xalq artisti, tanınmış estrada ulduzu Faiq Ağayevin döyülməsi haqqında xəbərlər bu gün mediada əsl ajiotaja səbəb oldu. Yayılan məlumata görə, Masallı rayon Mədəniyyət Evinin qarşısında çəkiliş zamanı bir qrup rayon sakini Bakıdan gələn qonaqları narazılıqla qarşılayıb və insident baş verib. Guya bir neçə gənc Zaura və xalq artistinə hücüm etmək istəyiblər. Yalnız hadisə yerində olan polislərin müdaxiləsindən sonra baş verəcəyi ehtimal olunan davanın qarşısı alınıb. Faiq Ağayevi mühafizə edən cangüdənlərdən birinə bıçaqla xəsarət yetirilməsi və baş verən hadisədən sonra çəkilişin yarımçıq dayandırılaraq yaradıcı heyətin gecə ilə Bakıya geri dönməsi də yazılan şübhəli məlumatın nə dərəcədə doğru olub-olmadığını sual altına qoyur. Həmişə Trend vasitəsilə pərəstişkarlarına dürüst məlumatlar çatdıran 100% F.A bu dəfə də ənənəsini pozmadı və Masallıdan telefon vasitəsilə baş verənlərə aydınlıq gətirməkdən ötrü eksklüziv müsahibə verməkdən imtina etmədi:

- Televiziya tamaşaçıları saat 17:00-da ATV-nin efirində canlı yayımlanacaq "Onun yarısı" evlilik şousuna baxsalar görəcəklər ki, Zaura heç nə olmayıb. Və İnşallah ya bu axşam, ya da sabah mən də paytaxta qayıdacağam. Dilimdən onu yaza bilərsiniz ki, Masallı füsünkar təbiətə malik dilbər guşələrimizdən biridir. Rayon camaatı nəinki Zaurla məni, digər münsifləri - xalq artisti, aktrisa Firəngiz Mütəllimova, əməkdar artist, bəstəkar-müğənni Elza Seyidcahanı çox gözəl qarşıladılar. Dedik-güldük, istedadlar arasında ən yaxşılarını seçdik, çox maraqlı insanlarla tanış olduq. Sonra rayonun gəzməli-görməli yerlərində ekskursiyada olduq. Odur ki, yayılan bu xəbər bütünlüklə yalan və cəfəngiyatdır. Həqiqətə heç bir yaxınlığı yoxdur. Veriliş yaxın günlərdə efirdə də nümayiş olunacaq. Və bu ağ yalanı yayan insanların lap ağını çıxardıqlarının şahidi olacaqsınız.

- Cənub bölgəsində turnedə olacağınız barədə çoxdan məlumatlar yayılırdı. Hətta bununla bağlı "Facebook"dakı profilinizdə də anonslar edirdiniz. Ola bilərmi ki, kimlərsə düşünülmüş şəkildə öncədən istirahətinizə maneə yaratmaqdan ötrü belə şayiələri yaymaqda maraqlıdırlar.

- Səfərlərim iyulun 20-dən başlayıb. Salyan və Masallıda demək olar ki, dincəldim. Növbəti səfərlərim Lənkəran və Astaraya olacaq. Məncə heç kim istirahətimə əngəl ola bilmədi.

- İndi hansı bölgədəsiniz?

- Hələ də Masallıda yerləşən istirahət məkanlarından birindəyəm. Dostlarımızla dincəlirik. Yerli pərəstişkarlarım məni elə hərarətlə qarşılayıblar ki, rayonu tərk etmək istəmirəm. Özünüz "Tanıdım səni" proqramı efirdə yayımlananda görəcəksiniz ki, sevənlərim məni necə sevgi ilə qarşılayıblar. O qədər hədiyyələr toplamışam ki...

- Cangüdələrinizin birinin bıçaqlanması barədə də məlumatlar yayılıb.

- Dedim axı, yalan və cəfəngiyatdır. Uydurmaya söykənən xəbər haqqında nə səbəbdən danışmalıyıq ki? Onsuz da heç kim inanmadı.

- Faiq bəy, sualımızı qəribçiliyə salmayın, harada adınız varsa, mütləq kimlərsə danışmağa mövzu tapırlar. Xəbər olmasa belə, bu cür şayiə və yalan məlumatlar uydurmağa çalışırlar. Bu şayiələrin yayılması, "Tanıdım səni" layihəsinə münsiflərdən biri kimi qatılmağınız sizi peşman etmədi ki?

- Əsla! Peşmançılıqdan söhbət belə gedə bilməz. Sözügedən layihə ATV-nin ən baxımlı və tamaşaçıların böüyk maraqla izlədiyi reytinqli proqramlardan biridir. Və bu vaxtda qədər çəkiliş komandası hansı bölgədə olubsa, hər dəfə istedadlı insanları üzə çıxarmağa müvəffəq olub. Amma gözügötürməyənlər də var. Hansısa rayonlarımızın birində yaxşı tədbir keçiriləndə, paxıllığı tutanlar da meydana çıxır. Biri var hansısa həqiqəti şişirtmək, biri də var ki, uydurmalı xəbər yaymaq. Bunlar fərqli-fərqli şeylərdir. Bizim gördüyümüz işə də kimlərsə kölgə salmaq istədi, amma alınmadı. İnternetdə "Flaş!" videokadrlar kimi nümayiş olunan görüntülərə dəfələrlə baxdım. İlk növbədə onu vurğulamaq istərdim ki, istənilən tədbirdə, fərq etməz Bakıda və ya hansısa bölgələrimizdə olsun, insanların toplandığı məkanlarda daim izdiham yaşanır. Və tamaşaçılar səhnəyə can atmağa çalışırlar. Youtube-da yerləşdirilən videonun heç bir dəlil-sübutu yoxdur ki, lentə alınan kadrlar Masallıda, seçim günündə görüntülənib. Bəlkə, bu başqa vaxta, tam başqa bir bölgədə çəkilib? Kim sübut edə bilər axı? Çünki görüntülərdə nə mən, nə Zaur, nə də Firəngiz xanımla Elza Seyidcahanın kiçik görüntüsü belə əks olunmayıb. Heç ATV-nin avtobusu belə görünmür o videoçarxda. İnanın, işi-gücü yalan məlumatlar yayan insanların Allahın qarşısında necə cavab verəcəklərini bilmirəm. Bu qədər yalan, iftira olmaz axı...

Xəbər lenti

Xəbər lenti