...

Albaniyanın "Eurovision 2012" təmsilçisi Azərbaycanı muğamla tanıyıb

Mədəniyyət Materials 11 Aprel 2012 17:17 (UTC +04:00)
Albaniyanın "Eurovision 2012" təmsilçisi Rona Nişliu Azərbaycanı muğamla tanıdığını deyib.
Albaniyanın "Eurovision 2012" təmsilçisi Azərbaycanı muğamla tanıyıb

Azərbaycan, Bakı, 11 aprel /Trend, müxbir M.Əliyev/

Albaniyanın "Eurovision 2012" təmsilçisi Rona Nişliu Azərbaycanı muğamla tanıdığını deyib.

"Mən Azərbaycanı xüsusi və unikal incəsənət forması olan muğam vasitəsilə tanıyıram. Sizin şəhərinizin və ölkənizin ruhunu Vaqif Mustafazadə və Əzizə Mustafazadə kimi musiqiçilərdən hiss etmişəm", - albaniyalı müğənni Trend-ə bildirib.

O qeyd edib ki, heç vaxt Bakıda olmayıb və Bakıya səfər edəcəyinə çox sevindiyini bildirib.

Nişliu müsabiqənin onun üçün sevinc və xöşbəxt anlar gətirəcəyinə ümid edir və Azərbaycana səfər etməyi səbirsizliklə gözlədiyini deyir.

"Ölkəmi təmsil etməyə çox sevinirəm, bununla qürur duyuram", - Nişliu deyib.

Albaniyalı müğənni bildirib ki, "Eurovision"a seçim zamanı qərar düzgün vaxtda və düzgün yerdə qəbul olunmalıdır.

"Bu cür möhtəşəm bir yarışmada populyar və ya populyar olmayan müğənni ilə təmsil olunmaq uğur əldə etməyə zəmanət vermir", - Nişliu bildirib.

Müğənni Bakıdakı müsabiqədə göstərəcəyi performansını hələlik gizli saxlamaq istədiyini vurğulayıb.

Müsabiqəyə hazırlıqla bağlı müğənni deyib ki, o, özünü bu prosesə həsr edir, hər bir mərhələdən zövq alır və buna enerji sərf edir.

Nişliu vurğulayıb ki, fərqli bir performans üçün əlindən gələni edəcək. "Mən bunu özümə borc bilirəm və bu öhdəliyi sevgi ilə yerinə yetirəcəyəm. Səhnə performansında şüarım ondan ibarətdir ki, "elə oxu ki, elə bil həyatında sonuncu dəfə oxuyursan". Bu yolla mən qəlbimin dərinliyində olan həqiqi səsi tamaşaçılarla bölüşmək üçün əlimdən gələni edəcəyəm", - o deyib.

Xəbər lenti

Xəbər lenti