...

Emin Ağalarov Bakıda yaradıcılıq planlarına və "Eurovision 2012" müsabiqəsinə həsr edilmiş mətbuat konfransı keçirib (FOTO)

Mədəniyyət Materials 11 May 2012 22:35 (UTC +04:00)
Cümə günü Bakıda "Sea Breeze" hotelində Azərbaycanın tanınmış müğənnisi və bəstəkarı Emin Ağalarovun mətbuat konfransı keçirilib. Trend-in məlumatın görə, Emin konfransda gələcək planları və "Eurovision 2012" mahnı müsabiqəsində qonaq qismində iştirakından danışıb.
Emin Ağalarov Bakıda yaradıcılıq planlarına və "Eurovision 2012" müsabiqəsinə həsr edilmiş mətbuat konfransı keçirib (FOTO)

Azərbaycan, Bakı, 11 may /Trend, müxbir V.İmanov/

Cümə günü Bakıda "Sea Breeze" hotelində Azərbaycanın tanınmış müğənnisi və bəstəkarı Emin Ağalarovun mətbuat konfransı keçirilib. Trend-in məlumatın görə, Emin konfransda gələcək planları və "Eurovision 2012" mahnı müsabiqəsində qonaq qismində iştirakından danışıb.

Mətbuat konfransında, həmçinin Eminin şou-direktoru Peter Verd və prodüser-meneceri Devid Beynbric iştirak ediblər.

"Mən bir azərbaycanlı kimi şadam və müsabiqə iştirakçısı kimi olmasa da, hər halda öz ölkəmi təmsil edərək çıxış edəcəyim "Eurovision" müsabiqəsini gözləyirəm. Mən bu məqamı gözləyərkən xoş həyəcan keçirirəm", - Emin jurnalistlərlə söhbətə başlayıb.

Emin mayın 26-da final şousu çərçivəsində böyük musiqi tamaşası - "Eurovision 2012"-nin yekun nömrəsini təqdim edəcək. Mayın 27-də isə "EuroClub"da konsert proqramı ilə çıxış edəcək.

Azərbaycanın musiqi dünyasının ən parlaq nümayəndələrindən biri kimi, Emin Bakı üzrə ekskursiya keçirəcək və "Eurovision 2012" müsabiqəsinin sirlərini Böyük Britaniyanın ən reytinqli radio verilişləri - Qrehem Nortonun şousu (Graham Norton Show, BBC Radio 1) və Ken Brüsün şousunun (Ken Bruce shows, BBC Radio 2) dinləyicilərinə açacaq.

"Eminin "Never Enough" adlı səkkiz dəqiqəlik nömrəsində 60 nəfər iştirak edəcək, onlar arasında 20 azərbaycanlı və 20 rusiyalı rəqqas olacaq", - Verd deyib.

"Mən Azərbaycan musiqisi və onun müasir motivlərlə harmoniyasına heyranam. "Eurovision" qonaqlarını görmək xoşdur", - o əlavə edib.

Kompozisiyada Azərbaycanın milli elementlərindən istifadə edilib.

"Biz Peterlə dünyanın müxtəlif ölkələrində şoular təşkil etdik və hesab edirəm ki, Bakıdakı "Eurovision"da ən möhtəşəm proqram təqdim ediləcək. "Baku Crystal Hall" bizdə çox böyük təəssürat yaratdı. "Eurovision" sayəsində dünyanın bir çox ölkələrində Azərbaycan mədəniyyəti və tarixi haqqında məlumat alacaqlar. Eminin müsabiqədə çıxışı, həmçinin Avropa dinləyicilərinin daha geniş auditoriyasına onun yaradıcılığı haqqında öyrənməyə imkan verəcək. Həmçinin, biz "Arzu üzərində iş" adlı 8 seriyalı teleserialın çəkilişlərini planlaşdırırıq. Seriyalardan biri Müslüm Maqomayevə həsr ediləcək. İş Britaniyanın iri kanallarının birinə və digər Avropa ölkələrinin kanallarına təqdim ediləcək", - Beynbric bildirib.

Emin qeyd edib ki, "Eurovision" müsabiqəsində Səbinə Babayevaya azarkeşlik edəcək, sonra isə "Buranovskiye babuşki" və Engelbert Hamperdinkin qələbəsini arzulayacaq.

"Sea Breeze"də Rusiya və Britaniya ulduzlarının iştirakı ilə konsert planlaşdırılıb. Biz Müslim Maqomayevin 70 illiyinə həsr edilmiş film üzərində işləyirik. Filmin Moskva və Bakıda təqdimatı olacaq. Yeni albomdakı "Beautiful Taboo" kompozisiyasına isə Xəzər dənizinə həsr edilmiş klip çəkməyi planlaşdırırıq", - Emin deyib.

Sonra isə müğənni may ayındakı sıx yaradıcılıq planlarının təfərrüatları ilə bölüşüb.

Emin mayın 14-15-də promo-tur çərçivəsində Böyük Britaniyada - London, Birmingem, Stok Siti, Liverpul, Preston, Stokport və Mançesterdə bütün əsas radioverilişlərin qonağı olacaq.

Xatırladaq ki, Eminin premyerası "BBC Radio 2"-də tanınmış radioaparıcı Ken Brüsün şousunun efirində baş tutan "Baby Get Higher" yeni sinqlı ötən həftə Rianna və "Coldplay" qrupunun həmin gün çıxan mahnılarını qabaqlayaraq 40-cı yer tutaraq səs-küylü debüt edib. Hər həftə Böyük Britaniyada 400-dən çox kompozisiya işıq üzü görür.

Sinqlın premyerası "partlayan bomba" effekti yaradıb: "Baby Get Higher" dərhal Avropanın ən reytinqli musiqi radiostansiyalarının pleylistinə daxil olub. Bunlar "BBC Radio 2", "Magic FM" (A kateqoriyalı pleylist həftədə 40-dan artıq rotasiyanı təmin edir) və region stansiyalardır.

Emin mayın 18-də Britaniya televiziyasının ən reytinqli səhər şousu olan "This Morning"ə qatılacaq. O, "Baby Get Higher" sinqlını təqdim edəcək və yeni albom, həmçinin "Eurovision 2012" müsabiqəsində xüsusi qonaq qismində qarşıdakı çıxışından bəhs edəcək.

Sonra Emin Böyük Britaniyada daha bir reytinqli televiziya şousunda iştirak edəcək. O, mayın 25-də ITV kanalında efirə çıxacaq "Daybreak" şousunun qonağı olacaq.

Eminin "After The Thunder" adlı yeni albomu mayın 28-də Böyük Britaniya və İrlandiya ərazisində müğənninin 2010-cu ildən əməkdaşlıq etdiyi "Saffron Music" müstəqil rekord-leyblində çıxacaq. Şirkətin tərikibinə "Warner Music"in İdarə Heyətinin keçmiş sədri Nik Filips və "Universal/MCA" marketinqi üzrə keçmiş direktor Adam Hollivud daxildir.

Emin 2011-ci il sentyabrın 6-da "EMI Music Germany" ilə öz albomlarının Alımaniya, Avstriya və İsveçrə ərazisində reliz və distribüterliyini nəzərdə tutan müqavilə bağlayıb. Bu gün "EMI Music", həmçinin, Eminin Norveç, İsveç, Finlandiya, Danimarka, İspaniya, Polşa, Macarıstan, Çexiya və Yunanıstan ərazisində albomunun çıxmasını təsdiq edib.

Rusiya və MDB ölkələrində Eminin albomu "EMI Music"in Rusiyadakı rəsmi nümayəndəsi "Gala Records" leyblində buraxılır.

Həmçinin, "Ürək döyünür" ("Heart Keeps Beating") sinqlı ilə bağlı layihə reallaşdırılıb. İqor Krutoy, Lara Fabian, Filip Kirkorov və bir çox ulduzlara klip çəkmiş tanınmış rejissor Alan Badoyev Eminin "Ürək döyünür" yeni sinqlının rejissoru oldu. Kompozisiya 2 aydan artıqdır ki, Rusiyanın "Russkoye Radio", "Avtoradio", NRJ, "Megapolis FM", "Yumor FM" və bir çox qabaqcıl radiostansiyalarında səsləndirilir. Klipin premyerası mayın 15-də ELLO internet-kanalında baş tutacaq.

Eminin rəsmi saytı: http://www.emin-music.com/

BBC Radio 2 Chart: http://www.bbc.co.uk/radio2/music-events/playlist/

Baby Get Higher: http://youtu.be/_A7lIJeQckk

"After The Thunder" albomu və "Eurovision": http://youtu.be/mmPCfcKonXQ

Xəbər lenti

Xəbər lenti