...

Gəncədə Nizami Gəncəvi adına kitabxana tikiləcək

Mədəniyyət Materials 13 Sentyabr 2012 16:12 (UTC +04:00)
Mədəniyyət və Turizm Nazirliyindən cümə axşamı Trend-ə verilən məlumata görə, Nizami Gəncəvinin 870 illik yubileyi ilə əlaqədar keçirilən müşavirədə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib ki, sentyabrın 29-dan Nizami Gəncəvinin ana yurdu Gəncədə yubiley tədbirlərinin keçirilməsinə başlanacaq. Yubiley tədbirlərində iştirak üçün nazirlik tərəfindən dünyanın 20 ölkəsindən 50-yə yaxın nümayəndə dəvət edilib.
Gəncədə Nizami Gəncəvi adına kitabxana tikiləcək

Azərbaycan, Bakı, 13 sentyabr /Trend, müxbir İ.İsabalayeva/

Gəncədə Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvi adına kitabxana tikiləcək.

Mədəniyyət və Turizm Nazirliyindən cümə axşamı Trend-ə verilən məlumata görə, Nizami Gəncəvinin 870 illik yubileyi ilə əlaqədar keçirilən müşavirədə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib ki, sentyabrın 29-dan Nizami Gəncəvinin ana yurdu Gəncədə yubiley tədbirlərinin keçirilməsinə başlanacaq. Yubiley tədbirlərində iştirak üçün nazirlik tərəfindən dünyanın 20 ölkəsindən 50-yə yaxın nümayəndə dəvət edilib.

Yubiley tədbirlərinin proqramından bəhs edən nazir bildirib ki, Gəncədə dahi şairin məqbərəsi önündə geniş yubiley şənliyi təşkil olunacaq. Bundan əlavə, "Beynəlxalq Nizami elmi konfransı" keçiriləcək. Nizami Gəncəvinin adını daşıyacaq kitabxananın təməli qoyulacaq, əsərlərindən ibarət sərgi açılacaq, rəssamlarımızın ədibin əsərlərinin motivləri əsasında çəkdikləri rəsm əsərləri nümayiş olunacaq və şəhərin mərkəzində "Xəmsə"yə daxil olan əsərlər əsasında hazırlanmış ədəbi-bədi kompozisiya göstəriləcək.

Həmçinin, bu tədbirlər çərçivəsində Gəncə Şəhər Mərkəzi Kitabxanası ilə dünya şöhrətli İsgəndəriyyə Kitabxanası arasında əməkdaşlıq müqaviləsi imzalanacaq.

Böyük ədibə həsr edilmiş tədbirlər oktyabr ayının 1-də Bakıda davam etdiriləcək. Yekun tədbirin Heydər Əliyev Sarayında təntənəli şəkildə keçirilməsi nəzərdə tutulur. Sarayın foyesində Nizami Gəncəvi ilə bağlı kitablardan və rəsm əsərlərindən ibarət sərgi təşkil olunacaq.

Xəbər lenti

Xəbər lenti