Azərbaycan, Bakı, 24 oktyabr /Trend/
Nobel qardaşlarının Bakıdakı ev-muzeyi "Villa Petrolea"da "Ədəbi Nobel antologiyası" ictimaiyyətə təqdim olunub. "Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu" İctimai Birliyinin təşkil etdiyi təqdimat mərasimində Nobel ailəsinin üzvləri, millət vəkilləri, tanınmış ziyalılar, Qazaxıstan və Belarusun Azərbaycandakı səfirləri, Almaniya səfirliyinin nümayəndələri, ədəbi ictimaiyyətin və KİV-in təm¬silçiləri iştirak ediblər.
"Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu" İctimai Birliyinin təşəbbüsü və dəstəyi ilə çap olunmuş antologiyanın təqdimatında Birliyin sədri, millət vəkili, adıkeçən nəşrin "önsöz" müəllifi Qənirə Paşayeva açılış nitqi ilə çıxış edib. O, Azərbaycan rəhbərliyinin Nobel irsinə daim yüksək dəyər verdiyini qeyd edərək, ictimai təsisatların, ziyalıların gördüyü işlərin də bu dəyərdən ilham alınaraq həyata keçirildiyini deyib. O, Nobel ailəsi üzvlərinin təqdimatda iştirakı faktını xüsusilə vurğu¬layaraq, onların hər zaman Azərbaycana doğma insanlar olduqlarını, Azərbaycanın da onlara doğma olduğunu qeyd edib.
Xanım millət vəkili qeyd edib ki, "Ədəbi Nobel antologiyası" hər bir azərbaycanlının evində, ən azı hər bir oxucumuzun əli çatan kitabxanada olmalıdır. Kitabın ilk 500 nüsxəsi pulsuz olaraq kitabxanalara, universitetlərə, mədəniyyət ocaqlarına, elm müəssisələrinə paylanacaq. Hazırda antologiyanın daha böyük tirajla çapı gedir və yeni tiraj satışa çıxarılacaq ki, daha çox insan bu kitabı əldə edə bilsin.
Təqdimatda çıxış edən "Nobel irsi" Fondunun prezidenti, akademik Toğrul Bağırov Nobel irsi ilə bağlı konfransda iştirak üçün Avropadan 50 qonağın iki gündür Bakıda olduğunu və bu təqdimatın da bu günlərə təsadüf etməsinin, Nobel ailəsinin iştirakı ilə keçirilməsinin diqqətəlayiq hadisə olduğunu deyib.
Təqdimatda iştirak edən Qustav Nobel, Piter Nobel və Fillip Nobel Nobel ailəsi adından millət vəkili Qənirə Paşayevaya kitabın hazırlan¬masında və təqdimatında əməyi olan hər kəsə təşəkkürlərini bildiriblər. Onlar Azərbaycanda gördüklərini qonaqpərvərlik və doğmalıqdan, Nobel irsinə həssas müna¬sibətdən çox məmnun olduqlarını deyiblər.
Milli Məclisin Mədəniyyət Komitəsinin sədri, AMEA-nın müxbir üzvü Nizami Cəfərov təqdimat gününü gözəl gün adlandıraraq, Nobellərin və onların nəvə-nəticələrinin də Bakıya bağlı olduğunu qeyd edib: "Ədəbiyyatı hamı seçir: xalq da, qurumlar da, insanlar da... Xalqın seçimi öz yerində, ancaq elə bilirəm ki, Nobel mükafatını seçən qurumun alternativi yoxdur - onlar ən yaxşıları seçirlər, səhv etmirlər. Əgər yeganə səhv varsa, o da Nobel mükafatını alanlar arasında bu günədək bir azərbaycanlının olmamasıdır. Əlbəttə, bunu zarafatla deyirəm, amma Azərbaycanda bu mükafatı almağa layiq insanlar, xüsusilə ədəbiyyatçılar var".
Qeyd edək ki, antologiyaya daxil edilmiş əsərlər ingilis, rus, ərəb, alman, ispan və başqa dillərdən çevrilib, bir bölümü isə Türkiyə türkcəsindən uyğunlaşdırılıb. Gələcəkdə antologiyanın ikinci - poeziya örnəkləri toplanmış cildinin nəşri də nəzərdə tutulub.