...

San Dieqoda Azərbaycan muğamı konserti keçirilib (FOTO)

Mədəniyyət Materials 7 Noyabr 2012 15:54 (UTC +04:00)
Azərbaycanın Los Ancelesdəki Baş konsulluğu tərəfindən Kaliforniyanın ikinci ən böyük şəhəri olan San Dieqoda Azərbaycan muğamı konserti keçirilib.
San Dieqoda Azərbaycan muğamı konserti keçirilib (FOTO)

Azərbaycan, Bakı, 7 noybar /Trend/

Azərbaycanın Los Ancelesdəki Baş konsulluğu tərəfindən Kaliforniyanın ikinci ən böyük şəhəri olan San Dieqoda Azərbaycan muğamı konserti keçirilib. Konsert Baş konsulluğun təşəbbüsü ilə elan edilmiş "Kaliforniyada Azərbaycan muğamı ayı" çərçivəsində təşkil olunub.

Baş Konsulluqdan Trend-ə verilən məlumata görə, konsert NASA tərəfindən 1977-ci ildə kosmosa göndərilmiş "Voyager" kosmik aparatına bərkidilmiş "Qızıl val"a Azərbaycan muğamının da daxil edilməsinin 35-ci ildönümünə həsr edilib.

Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayev tədbiri açaraq, muğamın Azərbaycan xalqının milli sərvəti olduğunu qeyd edib və qədim muğam ənənələrinin qorunub saxlanması və təbliği üçün Azərbaycanda görülən böyük işlərdən bəhs edib.

NASA-nın Kaliforniyada yerləşən tanınmış JPL elmi mərkəzinin yüksək rütbəli əməkdaşı Torrens Conson isə "Voyager" kosmik aparatı və "Qızıl val" haqqında ətraflı təqdimatla çıxış edib.

Sonra "Voyager" "Qızıl val"ına daxil edilmiş, balabanda ifa edilən ˝Şur˝ muğamı ölkəmizin gözəl guşələrinin videogörüntülərinin müşayiəti ilə səsləndirilib.

Daha sonra Azərbaycan muğam ustaları, o cümlədən xanəndələr Aytən Məhərrəmova, Vüsalə Musayeva və İlkin Əhmədov, eləcə də instrumentalistlər İmamyar Həsənov (kamança), Elşən Qasımov (nağara) və Rüfət Həsənov (tar) rəngarəng Azərbaycan muğamlarını ifa ediblər. Xüsusilə, "Sarı gəlin" və "Qarabağ şikəstəsi" tamaşaçıların gurultulu və ayaqüstü alqışları ilə qarşılanıb. Konsertdə San Dieqodakı konsulluq korpusunun nümayəndələri, elm, təhsil və mədəniyyət ocaqlarının təmsilçiləri, jurnalistlər, Azərbaycan, İran, yəhudi və başqa icmaların üzvləri və digər şəxslər iştirak ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti