...

Nata İbrahimov: Rəsmlərim Avro-2014-də Milli Gimnastika Arenasının foye və divarlarını bəzəyəcək (FOTO)

Mədəniyyət Materials 17 Dekabr 2012 16:27 (UTC +04:00)
ABŞ-da yaşayan gənc azərbaycanlı rəssam Vətəndən 15 il ayrı düşdükdən sonra "Zamanın üzü" "Alüminium" V Beynəlxalq Müasir İncəsənət Biennalesində iştirak etmək üçün ilk dəfə olaraq Bakıya qayıdıb.
Nata İbrahimov: Rəsmlərim Avro-2014-də Milli Gimnastika Arenasının foye və divarlarını bəzəyəcək (FOTO)

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 17 dekabr /Trend/

ABŞ-da yaşayan gənc azərbaycanlı rəssam Vətəndən 15 il ayrı düşdükdən sonra "Zamanın üzü" "Alüminium" V Beynəlxalq Müasir İncəsənət Biennalesində iştirak etmək üçün ilk dəfə olaraq Bakıya qayıdıb.

1997-ci ildən Nyu-Yorkda yaşayan rəssam yaşına baxmayaraq, artıq orada gimnast, rəssam və sirk aktrisası kimi xeyli populyardır. O, ad və soyadını bir az dəyişərək Nata İbrahimov edib. Rəssamın əsərləri adı kimi qeyri-adidir. Məhz onun 20 rəsmi 2014-cü ildə Bakıda bədii gimnastika üzrə Avropa çempionatının keçiriləcəyi Milli Gimnastika Arenasının foye və divarlarını bəzəyəcək. Nata İbrahimov müsahibəsində bu və digər məsələlərə toxunub.

- Milli Gimnastika Arenası kompleksində sərgiləməyə hazırlaşdığınız rəsmlər barədə ətraflı məlumat verərdiniz.

- Mən artıq bu əsərlər üzərində işləməyə başlamışam. Özüm də gimnast olduğuma görə bu rəsmləri yaxşı çəkə bilirəm. Buna görə də mənə Milli Gimnastika Arenası kpmpleksində işlərimi sərgiləməyi təklif edərkən məmnuniyyətlə razılaşdım. 20-yə yaxın əsərimi sərgiləməyi planlaşdırıram. Rəsmlərdə gimnastlar əsasən mənim təsəvvür etdiyim üslubda əks olunacaq. Əvvəlcədən işlərin hansı mövzuda olacağını deyə bilmərəm, çünki onlar hələlik hazır deyil.

- Hazırda gimnastika ilə məşğul olursunuzmu? Bu sahədə hansı uğurlarınız var?

- Gimnastika ilə valideynlərimlə hələ Bakıda yaşayarkən, yəni kiçik yaşlarımdan məşğul olmağa başlamışam. Hətta Azərbaycanda bədii gimnastika üzrə şəhər turnirində birinci yer tutmuşam. Lakin sonra ölkəni tərk etdik. ABŞ-da gimnastika ilə məşğul olmağa davam etdim. ABŞ vətəndaşı olmadığıma görə beynəlxalq yarışlarda iştirak etməyimə icazə vermirdilər. Orada vətəndaşlığı almaq üçün ölkədə ən azı 5 il yaşamaq lazımdır və biz vətəndaşlığı alarkən mənim artıq 15 yaşım var idi. Bu yaş isə gimnastika üçün gec hesab olunur. Bundan sonra gimnastikanı buraxaraq təsviri incəsənətlə maraqlandım. Hazırda bəzilərinə məşqçilik və kömək edirəm, lakin özüm artıq gimnastika ilə ciddi məşğul olmuram. Özümü rəssam hesab edirəm.

- Bəs valideynləriniz sizin qərarınıza necə yanaşdılar?

- Məsələ burasındadır ki, valideynlərim tibb sahəsində çalışırlar və onlar çox istəyirdilər ki, mən onların peşəsini davam etdirərək həkim olum. Lakin mən xoşuma gələn peşəni seçdim və onlar seçimimlə razılaşdılar. Nyu-Yorkda moda məktəbini bitirdim, lakin modelyer olmaq fikrində deyiləm, daha çox rəsm çəkməyi sevirəm. Gimnastika ilə məşğul olmağım mənə çox kömək edir, belə ki, qızları müxtəlif formalarda gözəl təsvir etməyi bacarıram. Mənim konkret üslubum yoxdur. Onların hamısı bir janrdadır, sözün düzü, bu üslubun necə adlandığını heç özüm də bilmirəm.

- Vətəndə rəsmlərinizi ilk dəfə sərgiləyirsiniz?

- Təsəvvür edin ki, bəli. Anam ilə xeyli müddətdir ki, Bakıya gəlmək istəyirdik, lakin heç cür alınmırdı. Məni "Alüminium" V Beynəlxalq Müasir İncəsənət Biennalesində iştirak etməyə dəvət edərkən məmnuniyyətlə razı oldum. Cəmi 5 rəsm əsərimi sərgiləyə bildim və indi onları harada isə "quraşdırmaq" istəyirəm, çünki əsərləri geri götürə bilmirəm.

- Nədən ilham alırsınız?

- Həyatım məni ruhlandırır. Həyatım çox maraqlıdır. Bundan başqa, gimnast olduğuma görə sirkə işə götürdülər. Nyu-Yorkun bir çox sirk şirkətlərində çalışıram. Biz bütün dünyaya səyahət edirik, bir çox tədbirlərdə iştirak edirik, tamaşalarımızı göstəririk. Bunların hamısı məni qeyri-adi rəsmlər çəkməyə ruhlandırır. Onlardan bəzilərini hətta satıram. ABŞ-da kiçik internet-mağazam var. İşlərimı dünyanın hər yerindən alırlar. Lakin demək olmaz ki, bu işdən çox qazanıram.

- Azərbaycan rəssamları ilə birgə layihə təşkil etmək istərdinizmi?

- Çox istəyirəm, lakin hər şey layihədən asılıdır, çünki hər dəfə əsərlərimi daşıyanda çətinlik çəkirəm. "Facebook" vasitəsilə bir çox azərbaycanlı rəssamla ünsiyyət saxlayıram, lakin heç kəslə şəxsən tanış deyiləm. Onlarla tanış olmağı və əsərlərinə baxmağı çox istərdim.

- Uzun müddət ABŞ-da yaşamağınıza baxmayaraq, ailənizdə Azərbaycanın hər hansı adət-ənənəsinə riayət edirsinizmi?

- Əlbəttə. Nyu-Yorkda yaşadığımız yerdə xeyli sayda azərbaycanlı var. Orada Azərbaycan restoranları və buradan gətirilən məhsullar var. Həmçinin, evdə Azərbaycan yeməkləri, kababları, Novruz bayramında isə paxlava, şəkərbura hazırlayırıq, bir sözlə, hər şeyi necə lazımdır edirik.

- Gələcəklə bağlı hansı planlarınız var?

- Mən həmişə nə iləsə məşğul oluram. Hazırda planlarım Milli Gimnastika Arenasında sərgilənəcək rəsm əsərləri ilə bağlıdır. Belə də isə biz rəssamlar daim hərəkətdəyik, yeni qalereyalar axtarırıq, axı hər yerdə özümüzə təkan verməli oluruq. Həmçinin, rəsm əsərlərimdən ibarət yeni kitabımı buraxmağı planlaşdırıram.

- Sonda isə soyadınızı niyə İbrahimov etməyinizin səbəbini öyrənmək istərdik.

- İş orasındadır ki, ABŞ-da cinsindən asılı olmayaraq, ailənin bütün üzvlərinin soyadları eynidir. Əlavə suallar və sənədlərdə mümkün problemlərlə üzləşməmək üçün qərara gəldik ki, soyadımda sadəcə bir hərfi silək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti