Azərbaycan, Bakı, 31 yanvar /Trend/
2013-cü il fevral ayının 5-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında dahi bəstəkarımız Qara Qarayevin anadan olmasının 95 illik yubileyinə həsr edilmiş konsert keçiriləcək.
Trend Mədəniyyət və Turizm Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, konsertdə xalq artisti Teymur Göyçayevin bədii rəhbəri və baş dirijoru olduğu Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri çıxış edəcək.
Orkestrin solistləri əməkdar artist N.Əliyarova, beynəlxalq müsabiqələr laureatları D.Seyidova, F.Ağayeva-Edler və E.Bağırovdur.
Yubiley gecəsində Qara Qarayevin "Consertogrosso", "Yeddi gözəl" baletindən Adacio, "7 nömrəli Prelyudiya", Dmitri Şostakoviçin "Fortepiano və orkestr üçün 1 nömrəli konsert", Sergey Prokofyevin "Yəhudi mövzusunda uvertüra" və Alfred Şnitkenin "Fortepiano ilə orkestr üçün konsert" əsərləri səsləndiriləcək.