...

Heydər Əliyev Mərkəzində tanınmış amerikalı rəssam Endi Uorholun işlərindən ibarət sərgi açılıb (FOTO)

Mədəniyyət Materials 21 İyun 2013 21:53 (UTC +04:00)
Bu gün Heydər Əliyev Mərkəzində tanınmış amerikalı rəssam Endi Uorholun (Andy Warhol) işlərindən ibarət sərginin açılış mərasimi keçirilib.
Heydər Əliyev Mərkəzində tanınmış amerikalı rəssam Endi Uorholun işlərindən ibarət sərgi açılıb (FOTO)

Azərbaycan, Bakı, 21 iyun /Trend, müxbir V.İmanov/

Bu gün Heydər Əliyev Mərkəzində tanınmış amerikalı rəssam Endi Uorholun (Andy Warhol) işlərindən ibarət sərginin açılış mərasimi keçirilib. Trend-in məlumatına görə, sərgi Heydər Əliyev Fondunun dəstəyi ilə ABŞ-da Endi Uorhol Muzeyi (Andy Warhol Museum) və Heydər Əliyev Mərkəzinin əməkdaşlığı çərçivəsində təşkil edilib.

Açılış mərasimində Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizadə, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, ÜNS Yaradıcılıq Səhnəsinin bədii rəhbəri, professor Nərgiz Paşayeva, Endi Uorhol Muzeyinin direktor müavini Patrik Mur, Azərbaycan Rəssamlar İttifaqının sədri Fərhad Xəlilov, Azərbaycan Yazıçılar Birliyinin katibi Çingiz Abdullayev, Aida Mahmudovanın başçılığı ilə YARAT! Müasir İncəsənət Məkanı təşkilatından olan gənc rəssamlar, görkəmli ictimai, mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.

Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov sərginin qonaqlarını salamlayaraq Mərkəzin fəaliyyətindən danışıb: "Bizim əsas məqsədimiz Azərbaycanı dünyada tanıtmaq, Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq, milli mədəniyyət və incəsənəti təbliğ etmək və təbii ki, dünya incəsənətini Azərbaycana yaxın etməkdir. Artıq Azərbaycanın simvoluna çevrilən Heydər Əliyev Mərkəzində əhəmiyyətli konfranslar, simpoziumlar, "dəyirmi masa"lar və müxtəlif tədbirlər keçirilib. Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş bir çox tədbirlərlə yanaşı, Mərkəzdə Heydər Əliyev Muzeyi yaradılıb. Burada ən son texnologiyalardan istifadə olunub və xeyli sayda qonaqlar Muzeyə yüksək qiymət veriblər. Heydər Əliyev Mərkəzində Azərbaycan mədəniyyətinə, incəsənətinə, memarlığına və irsinə həsr olunmuş ekspozisiyalar fəaliyyət göstərir".

Onun sözlərinə görə, bu gün müasir incəsənət həyatda böyük rol oynayır, Azərbaycan bu incəsənəti xaricdə təbliğ edir, məşhur rəssamlar öz sərgiləri ilə ölkəyə gəlir: "Heydər Əliyev Fondunun dəstəyi ilə Azərbaycanda üç mindən artıq işin təqdim olunduğu Müasir İncəsənət Muzeyi fəaliyyət göstərir. Azərbaycanda ölkəni xaricdə uğurla təmsil edən YARAT! Müasir İncəsənət Məkanı uğurla fəaliyyət göstərir. Həmçinin YARAT! Venesiya Biennalesində müvəffəqiyyətlə iştirak edib. 55-ci Ümumdünya Təsviri İncənət Sərgisi - Venesiya Biennalesi çərçivəsində Heydər Əliyev Fondunun dəstəyilə Azərbaycan pavilyonunun rəsmi açılış mərasimi keçirilib. Azərbaycan pavilyonu Venesiya Biennalesi tərəfindən 5 ən möhtəşəm pavilyon sırasına daxil edilib. Bu gün biz 20-ci əsrin məşhur amerikalı rəssamı, pop-artın kralı Endi Uorholun sərgisini təqdim edirik. Heydər Əliyev Mərkəzi və Endi Uorhol Muzeyinin əməkdaşlarına bu sərginin təşkilinə görə minnətdarlığımı bildirirəm".

A.Ələkbərov bütün bu əhəmiyyətli layihələrin reallaşdırılmasına görə Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya və bilavasitə bu layihədə iştirakına görə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaya xüsusi minnətdarlığını bildirib.

Endi Uorhol Muzeyinin direktor müavini Patrik Mur Heydər Əliyev Mərkəzinə heyran olduğunu qeyd edib, həmçinin sərginin yüksək səviyyədə təşkil olunmasına görə Mərkəzin rəhbərliyinə öz təşəkkürünü bildirib.

P.Mur vurğulayıb: "Əgər Endi Uorhol Azərbaycana səfər etsəydi, sizin koloritli və müasir şəhərinizə, mədəniyyət və incəsənətə olan münasibətinizə, tolerantlıq və qonaqpərvərliyinizə heyran olardı".

Sərginin kuratoru Cianni Merkurio da Heydər Əliyev Mərkəzinin arxitekturasına, sərginin yüksək səviyyədə təşkilinə heyran olduğunu bildirib və belə əhəmiyyətli layihənin həyata keçirilməsində iştirak edən hər kəsə təşəkkür edib: "Azərbaycanda özümü evdəki kimi hiss edirəm. Bakı gözəl şəhərdir və məndə çox gözəl təəssürat yaratdı. Bu sərgi gələcəkdə beynəlxalq dialoqun qurulmasına və müasir incəsənətin inkişafına kömək edəcək".

Sonra o, rəssam Endi Uorholun həyatı və yaradıcılığından danışıb.

Daha sonra qonaqlar ekspozisiya ilə tanış olublar.

Sentyabrın 9-dək davam edəcək "Life, death and beautiful" ("Həyat, ölüm və gözəllik") adlı beynəlxalq sərgidə müəllifin fotoları, dünya kino, musiqi, moda ulduzlarının portretləri və digər dünya şöhrətli əsərlər ("Rənglər", "Kamuflyaj", "Sonuncu şam yeməyi", "Kişinin dua edən əlləri", "Elektrik stulu" və s.) nümayiş olunur.

Heydər Əliyev Mərkəzinin mədəniyyət sahəsinin inkişafı üzrə fəaliyyəti çərçivəsində keçirilən sərgidə ümumilikdə rəssamın 100-ə yaxın əsəri nümayiş etdirilir.

XX əsrin tanınmış rəssamı Endi Uorhol 1928-ci ildə anadan olub. Fotoqraf və rəssam E.Uorhol, həmçinin rejissor olub. Pittsburqda (ABŞ) yerləşən pop-art üslubunda Endi Uorhol Muzeyi 1994-cü ildə yaradılıb. Fəaliyyətə başladığı ilk günlərdən etibarən Muzey ziyarətçiləri arasında populyar olub. İlk həftə ərzində Muzeyi 25 min nəfər ziyarət edib. Endi Uorhol Muzeyində 900 şəkil, 100 heykəltəraşlıq əsəri, 400 foto, həmçinin 60 bədii film və müəllifin digər əsərləri nümayiş olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti