...

Rəssam Vahid Novruzov: Türkiyədə əsərlərimi Azərbaycan adına yaradıram (MÜSAHİBƏ) (FOTO)

Mədəniyyət Materials 18 Oktyabr 2013 16:12 (UTC +04:00)
Türkiyənin mədəniyyət və rəsmi dairələrində tanınan, Türkiyənin Dövlət himninin sözlərini yazmış məşhur şair Mehmet Akif Ərsoyun heykəlinin müəllifi, azərbaycanlı rəssam-heykəltəraş Vahid Novruzovun Trend-ə müsahibəsi
Rəssam Vahid Novruzov: Türkiyədə əsərlərimi Azərbaycan adına yaradıram (MÜSAHİBƏ) (FOTO)

Azərbaycan, Bakı, 18 oktyabr /Trend, müxbir C.Babayeva/

Türkiyənin mədəniyyət və rəsmi dairələrində tanınan, Türkiyənin Dövlət himninin sözlərini yazmış məşhur şair Mehmet Akif Ərsoyun heykəlinin müəllifi, azərbaycanlı rəssam-heykəltəraş Vahid Novruzovun Trend-ə müsahibəsi

Vahid Novruzov 1980-1986-cı illərdə Əzim Əzimzadə adına Rəssamlıq Məktəbində təhsil alıb, əməkdar incəsənət xadimi, tanınmış rəssam Hafiz Məmmədovun tələbəsi olub. 1993-cü ildən Azərbaycan İncəsənət Akademiyasını bitirib. Rusiya Federasiyası V.V.Qriqoryev adına emalatxanada çalışıb. 1995-2000-ci illərdə məzunu olduğu Əzim Əzimzadə adına Dövlət Rəssamlıq Məktəbində pedaqoji fəaliyyətlə məşğul olub.

Türkiyənin sabiq daxili işlər naziri Sadətdin Tantanın Bakıya səfəri zamanı iki ölkə xalqları arasında qardaşlığın möhkəmləndirilməsi, mədəniyyətlərin yaxınlaşması, Azərbaycanın peşəkar rəssamlarının biliklərinin Türkiyədə istedadlı gənclərə çatdırılması məqsədilə Türkiyəyə dəvət olunub və Çanaqqala valiliyində 2000-ci ildən etibarən bir il ərzində çalışıb. Çanaqqala Hüseyn Akif Terzioğlu Vəqfində müəyyən müddət çalışan Vahid Novruzov Çanaqqalada fərdi sərgisində nümayiş etdirilən 60 ədəd rəsmindən gələn gəliri vəqfə bağışlayaraq kimsəsiz uşaqlara yardım edib.

Vahid Novruzov 2001-ci ildən etibarən Çanaqqala 18 Mart Universitetində İncəsənət fakültəsinin Rəsm bölməsində pedaqoji fəaliyyət göstərir.

Rəssamın əsərləri Azərbaycan, Türkiyə, Almaniya, Avstriya, Bolqarıstan, Rusiya, Yunanıstan, Avstraliya, Kanada, Macarıstan kimi ölkələrdə fərdi və muzey kolleksiyalarında yer alır.

- Vahid müəllim, əsərlərinizdə ən çox üstünlük verdiyiniz mövzular hansılardır?

- Əsərlərim müxtəlif mövzuları əhatə edir. Rəssamlığın hər janrında fikrimi ifadə edə bilirəm. Rəssamın gözəl zövqü olduqda, istər qrafikada, istərsə də heykəltəraşlıqda bacarıqlı olacaq. Bu ilin avqustunda Berlində sərgim keçirilib. Gələn il Potsdam şəhərində də sərgi təşkil etməyi nəzərdə tuturam. Əsərlərimə dəyər verənlər arasında almanlar üstünlük təşkil edir. Almaniyanın görkəmli şəxslərinin fərdi kolleksiyalarında, Almaniyanın Osnabrük bələdiyyəsində əsərlərim yer alıb.

Əsərlərimin sayını bilmirəm. Əsərlərim emaltxanada qalıb tozlanmır, daima yenilənir. Dəyərli insanlara da hədiyyə edirəm, əsərlərimin dəyərli yerdə olmasına böyük önəm verirəm. Türkiyədə hər bir əsərimi Azərbaycanın adına yaradıram.

- Hazırda hansı əsər üzərində işləyirsiniz?

- Çanaqqala 18 Mart Universitetinin rektoru mənə Türkiyənin ilk tibb bacısı Safiye Hüseyn Elbi haqqında danışmışdı. Həmin qəhrəman tibb bacısı Türkiyədə çox tanınmır və onun çox az sayda fotoşəkli var. Bir il ərzində onun haqqında ətraflı araşdırmalar apardım, üç ay ərzində əsər üzərində işlədim və çətinliklə də olsa, əsər ərsəyə gəldi. Belə ki, heykəli oxşatmaq üçün ən azından insanın üç profildən fotoşəkli olmalıdır. Hazırladığım heykəl bəyənildi. Heykəlin postamenti artıq hazırdır və bu yaxınlarda Universitetin Tibb fakültəsində qoyulacaq.

Bu, universitetdə yer alacaq növbəti əsərim olacaq. Belə ki, Universitetin Tibb fakültəsinin girişində Atatürkün təhsilə verdiyi dəstəyi tərənnüm edən əsərim yer alıb.

- Gələcək layihələriniz hansı mövzuları əhatə edəcək?

- Hazırda bir layihə üzərində işləyirəm. Gələn il I Dünya müharibəsinin 100 illiyidir. Bu münasibətlə Çanaqqalanın girişində böyük abidə kompleksinin hazırlanması nəzərdə tutulub.

Monument üçün hazırladığım eskiz bəyənilib, dövlətdən rəsmi icazə alınandan və maliyyə ayrılandan sonra monumentin hazırlanması üzərində işlərə başlayacam.

Bundan başqa, dünyanın ilk xəritəsini çəkən türk dənizçi Piri Rəisə qoyulacaq heykəlin maketini hazırlamışam.

- Azərbaycan-Türkiyə dostluğunu, qardaşlığını əks etdirən əsəriniz varmı?

- Türkiyənin Əsgəri Muzeyində olan əsərimdə I Dünya müharibəsində şəhid olmuş üç min Azərbaycan əsgərini əks etdirən sipərlərdən çıxan əsgər ruhları təsvir etmişəm. Əsərdə şəhidlər abidəsi var və şəhid məzarlıqlarını həmin abidənin yanında çəkmişəm. Muzeydə bu əsərimə baxmış Türkiyənin keçmiş Prezidenti Əhməd Necdət Sezər məzarlıqların şəhidlər abidəsinin ətrafında təsvir olunması ideyasını gözəl fikir kimi qiymətləndirmişdi.

- Azərbaycanda rəssamlıq sənəti və bu sənətin gənc nümayəndələrinin işlərini necə dəyərləndirirsiniz?

- Azərbaycanda rəssamlıq sənəti və rəssamlara qiymət verilir, qayğı göstərilir. Ümid edirəm ki, Türkiyədə Azərbaycanı təmsil edən sənətkarlarımıza, elm adamlarımıza sahib çıxılacaq. Bu cür insanlar unudulmamalıdır ki, xaricə beyin axını olmasın. Mən özüm də Azərbaycana qayıdıb gənc rəssamlarımızın yetişdirilməsinə töhfə vermək arzusundayam. Yaratdığım əsərlər özü bir məktəbdir.

Türkiyədə Azərbaycanın peşəkar sənətkarlarına ehtiyac var. Çalışdığım 18 Mart Universiteti hər il mənimlə müqavilənin müddətini uzadır. Bu da əlbəttə ki, tələbələrin rəyi əsasında mümkün olur və peşəkarlara duyulan ehtiyacdan irəli gəlir.

Qürbətdə yaşasam da, azərbaycançılığı unutmuram. Yabancılaşma olmamalıdır. Ənənələrimizi unutmamalıyıq. Oğlumu da vətənpərvərlik, Azərbaycana bağlılıq ruhunda böyütmüşəm. Xaricdə təhsilini davam etdirmək imkanı olsa da, Azərbaycana gəlib və könüllü hərbi xidmətə yollanacaq.

Rəssam duyğularını tabloya köçürür, gənc rəssamlarımıza milli ruh, vətənpərvərlik aşılananda, təbii ki, gənc rəssamlar öz əsərlərində bu mövzunu daha geniş tərənnüm edəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti