Yazıçı-publisist Yunus Oğuz
İş elə gətirib ki, xarici ölkələrə səfər dəvəti çoxalıb. Dünyanı gəzirsən, görürsən, müxtəlif məsələlərlə bağlı söhbətlər, mübahisələr edirsən. Bu mübahisələrdə bəzən əndazəni aşırsan, qonaq olduğundan üstünü vurmurlar, sakitcə gülümsəməklə ötüşürlər. Hamı sənin gəlişinə sevinir, fəxr edir, şəkil çəkdirməyə tələsir, sonra o şəkillər sosial şəbəkəni bəzəyir.
Sağ olsun dostlar! Hər addımda məni axtarırlar, xarici ölkələrdə görüşlərin necə keçməsi haqqında suallar verirlər, nə isə müzakirə edirik, nə isə məsləhətləşirik, gələcək proqramlarımızı razılaşdırırıq, hətta bir-birimizə "Özündən muğayat ol!" deyə xəbərdarlıq edirik. Bu yaşam bizim həyatımızın bir parçasına cevrilib, gəzmək, Azərbaycanı tanıtmaq, yazdığımız əsərlərin müxtəlif ölkələrdə dərc edilməsi, hələ bir az da pis çıxmasın, fəxr hissindən bir qədər genəlmək də olur, çünki mənim adım AZƏRBAYCANA bağlanır. Düşünürsən ki, hər kəs belə işləsəydi, ölkəmizin adını nə qədər yuxarı qaldıra bilərdik...
Arada istəyirsən sehirbaz olasan; Əlini əlinə vuran kimi hər şey yağ kimi getsin, amma belə olmur, nağıllara çox inanmayın. Bir səfərə çıxmaq üçün günlərlə hazırlaşırsan, müəyyən məsələləri müzakirə edir, razılığa gəlirsən. Hələ daha yazmıram ki, bu səfərlər dövlət səviyyəsində olsun.
Evdən, işdən, sevimli insanlardan ayrılırsan. Təyyarə səni alıb dünyanın o biri başına aparır. Başına nə gələcək bilmirsən, amma gedirsən. Çünki bu mənə lazımdır, millətimə lazımdır, dövlətimə lazımdır! Adımızı çeçələ barmağı qədər yuxarı qaldırmaq lazımdırsa, dünyanın o başına da getməyə dəyər.
Bəzən səfərlər ailəyə diqqətsizlik yaradır. Amma fikrimcə, onlar məni başa düşür, anlayırlar. Axı bu bizim alnımıza yazılmış bir qismətdir. İndiyədək heç vaxt şikayət etmədilər, heç vaxt qısqanmadılar, heç vaxt sağ ayaqlarını yerə dirəyib "getmə", yaxud "biz də səninlə gedirik" demədilər. Heç zaman sifariş vermədilər, "bunu al", "onu tap" demədilər. Sadəcə "Yaxşı yol"deyib "Səni gözləyəcəyik" sözlərini pıçıldadılar... İşə zəng edirəm, həmişəki kimi salam-kalamsız "Nə var, nə yox?" soruşuram. "Hər şey yerində,təkcə sənin yoxluğundan qəribsəmişik" deyirlər.
Evə zəng edirəm, yenə salam-kalamsız "Necəsiz" sualını verirəm. Danışıqlarında bir nisgil duyuram. Çox da kövrəltmirəm, rəsmi danışıq tərzindən kənara çıxmıram. Axı mən yanlarında deyiləm. Elə onlar da pis deyil, rəsmi danışırlar da, elə bil yanlarındayam. Ürəyim bir qədər sakitləşir. Dostlarla danışdım, evlə danışdım-Allaha Şükür, hər şey öz yerindədir. Bu adama ilk baxışdan belə görünür, əslində heç də belə deyil, çox şey yerindən dəyişib. Neynəyəsən ki, müvəqqəti də olsa sevimli insanlardan ayrılırsan. Bu da bizim həyatımızdır. Bu da əsas deyil, əsas odur ki, harada olmağından asılı olmayaraq arxanca bir cüt nigaran baxışın zilləndiyini bilirsən. Telefon zənglərini ürək çırpıntısı ilə gözləyir, qapının tıqqıltısına "bəlkə tez gəldi, nə yaxşı oldu" düşünür, "nə yeyir, necə yatır, başı balışdan sürüşəndə boynu ağrımadı ki" fikirləri yuxusuna da qarışır və gözləyir. Gözləyir ki, sevimli adamını qarşılasın, bir az küskün, bir az əzgin sənə baxsın, bir neçə gün keçəndən sonra yenə səni növbəti səfərə yola salsın.
Paravoz çəkə bilmədiyini bu qadınlar çəkirmiş; sevir, qısqanır... gözləyir... yola salır... yenə gözləyir.
Yenə səfərə çıxıram, amma bilirəm ki, təmənnasız yolumu gözləyənlərim var.
Geri dönəndə sevinən, deyib-gülən, gözləri nur saçan, hətta bir qədər naz-qəmzə satan... Bəzən də isə Allah üzünü göstərməsin. Elə bil dünyası dağılır, üzgün-üzgün "yaxşı yol" deyir və yenə də səbr edib qayıdışımı gözləyir. Hamısını görürəm, hiss edirəm, duyuram. Belə qadınlarla fəxr etmək lazımdır, çünki milli dəyərlərin daşıyıcılarıdır. Heç nə demir, qışqırmır, sakitcə milli genimizin daşıyıcısı olduğunu anlayır. Bilir ki, harada olmağımdan asılı olmayaraq yanında varam; onlar üçün, Vətən üçün yaşadığımı bilir və mənə dəstək verirlər.
Dönüşümə sevinən bir qadın var...