Azərbaycan, Bakı, 14 mart /Trend müxbir İ.İsabalayeva/
Londonda "Bakı prosesi"nin 5 illik yubileyi və III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu beynəlxalq işçi qrupunun iclası keçirilib.
Trend Mədəniyyət və Turizm Nazirliyinin saytına istinadən xəbər verir ki, nazir Əbülfəs Qarayev bildirib ki, "Bakı prosesi" 2008-ci ilin dekabrında paytaxtımızda keçirilmiş Avropa və ona qonşu regionların mədəniyyət nazirlərinin konfransında irəli sürülüb. Bu konfransda ilk dəfə olaraq 10 İslam ölkəsinin iştirak etməsi ilə yeni bir formatın əsası qoyulub.
Ümumilikdə 48 ölkənin, 8 beynəlxalq təşkilatın və bir sıra beynəlxalq qeyri-hökumət təşkilatlarının yüksək səviyyəli nümayəndələrinin iştirak etdikləri bu konfransda Azərbaycanın təşəbbüsü ilə ilk dəfə olaraq "Mədəniyyətlərarası dialoqun təşviqinə dair Bakı Bəyannaməsi" qəbul edilib. Beləliklə də sivilizasiyalar arasında dialoqun inkişafını nəzərdə tutan "Bakı prosesi"nin və bu prosesin uğurla davam etdirilməsi məqsədilə Azərbaycan tərəfindən təklif edilən "Sənətçilər dialoq naminə" layihəsinin əsası qoyulub.
Ə.Qarayev bildirib ki, Prezident İlham Əliyevin müvafiq fərmanı ilə Forum hər iki ildən bir Azərbaycanda keçirilir, 2015-ci ilə planlaşdırılan III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna ciddi layihə və proqramlarla hazırlıq gedir.
Daha sonra BMT-nin Sivilizasiyalar Alyansının strateji məsələlər üzrə müşaviri Jan Kristof Bas, UNESCO-nun sülh və qeyri-zorakılıq mədəniyyəti üzrə sektorlararası platformasının rəhbəri Katerina Stenou, Dünya Turizm Təşkilatının Orta Şərq üzrə regional direktoru Əmr Abdel-Qaffar, İngiltərənin ən böyük İslam Mədəniyyət Mərkəzinin (İMM) baş katibi Əhməd Dubayan və başqalarının iştirakı ilə mövzuya dair müzakirələr aparılıb.