Azərbaycan, Bakı, 3 aprel /Trend, müxbir İ.İzzət/
Ədəbiyyat millətə, cəmiyyətə, dövlətə xidmət etməlidir. Trend-in məlumatına görə, bu fikir Azərbaycan Bütövlüyü Uğrunda Cəmiyyətin (ABUC) Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə "Azərbaycan ədəbiyyatında müasir yaradıcılıq cərəyanlarının izlənməsi və təhlilinə dair təşəbbüslər" layihəsi çərçivəsində keçirdiyi "dəyirmi masa"da səsləndirilib.
Tədbiri giriş sözü ilə açan layihənin rəhbəri Məlahət Xəlilova bildirib ki, Azəbaycan ədəbiyyatında XXI əsr ab-havasının hiss olunması əsasən 2005-ci ildən sonraya təsadüf edir. Onun fikrincə, son illər ölkədə internet sahəsində hiss olunan inkişaf Azərbaycan yazıçılarına birbaşa dünya mədəniyyəti, ədəbiyyatı ilə tanış olmaq imkanı verir və yeni yaranan nəsr nümunələrini araşdırarkən görmək olur ki, Azərbaycan nəsrində realizm hakim mövqedə qalır: "Postmodern, modern, sürreal, absurd və s. kimi cərəyanlara mənsub qələm sahibləri hələ də kəmiyyət baxımından azlıq təşkil edirlər. Avropada bu düşüncə sistemlərinin yaranması və ədəbiyyata da sirayət etməsi XX əsrdə Qərbdə gedən ictimai-siyasi təbəddülatlarla, qısa zaman kəsiyində iki dağıdıcı dünya müharibəsi ilə, milyonlarla insanın ruhən və cismən şikəst olması və sair bu kimi proseslərlə bağlı idi. Lakin Azərbaycan həmin dövrdə bütün proseslərdən müəyyən mənada kənarda qalmışdı. Dünyanı bütün ziyalıların nəzərində absurd, sürreal həddə çatdıran ictimai-sosial hadisələr ba. verməmişdi. Amma bu o demək deyil ki, bizdə sadəcə səthi, birtərəfli realizm hökm sürüb. Yox, Azərbaycan ədəbiyyatında psixoloji realizmdən tutmuş magik realizmə qədər bu janrın demək olar ki, bütün istiqamətlərində dəyərli əsərlər yaradılıb. Bu dövrlərdə yaranan realist əsərləri nəzərdən keçirəndə görürük ki, nisbətən yaşlı nəslə mənsub olan realist nasirlərmiz daha çox ənənə mühafizəçisi kimi çıxış edərək, realizmin bütün kanonlarını cidd-cəhdlə qoruyub saxlamağa və gələcək nəsillərə çatdırmağa çalışır, orta nəsil realist yazıçılarımız isə realizmin müxtəlif istiqamətlərində qələmlərini sınayır, istər mövzu, istər süjet, istərsə də stilistika baxımından çoxsaylı eksperimentlər yolu ilə realizmin yeni çalarlarını kəşf etməyə çalışırlar".
O, qeyd edib ki, yeni ədəbiyyatda mövzu baxımından da müasir psixoloji nəsrdən tutmuş tarixi tematikaya qədər müxtəlif mövzuları əhatər edən dəyərli əsərlər yaradılıb. Vətənpərvərlik mövzusu, Qarabağ faciəsi və bu faciənin konkret insan talelərində, xarakterlərində əksi yenə də nəsrimizdə əhəmiyyətli yer tutur.
Yazıçı Əkbər Qoşalı qeyd edib ki, vaxtilə Sovet hakimiyyəti illərində, bir ədəbi cərəyanın - sosializm realizminin olduğu dövrlərdə də Azərbaycanda bu cərəyandan kənara çıxmış çox böyük ədiblərimiz olub. Onun fikrincə, yazıçını bir cərəyana məxsus əsər yazmağa məcbur etmək olmaz: "Ölkədəki müxtəlif ədəbi qurumlarda ədəbiyyatçılara hansı cərəyanlara mənsubluğuna dair tələblər irəli sürülür. Bu, yazıçılığa haram qatmaqdır. Belə olduqda yazıçıdan hansısa keyfiyyətli əsər gözləmək mümkün deyil. Sevindirici haldır ki, Azərbaycanda yeni nəsil romançılığında universallıq, harmoniya yaranır".
Tədbirdə ABUC-un sədri, yazıçı Yunus Oğuz bildirib ki, Azərbaycanda yazıçılar daha çox öz yazıları ilə məşğul olmalı, təsnifatlanma, onun hansı cərəyana mənsub olması ilə isə digərləri məşğul olmalıdırlar: "Yetişən gənc nəslə daha çox diqqət yetirilməlidir. Onlara ilk növbədə otaylı, bu taylı Azərbaycan ədəbiyyatı və dünya ədəbiyyatının gözəl nümunələri təqdim olunmallıdır. Elə əsərlər yazılmalıdır ki, onlar zaman və məkan sərhədlərini aşa bilsin. Bu məsələdə müasir dövrün texnologiyalarından istifadə edilməlidir".
Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, yazıçı Rəşad Məcid deyib ki, postmodern ədəbiyyatı keçmişə yeni, fərqli baxışla yanaşmadır: "Burada bilinmir ki, yazıçı onu lağa qoyur, yoxsa ona rəğbətlə yanaşır. Azərbaycanda da bu tipli əsərlər var. Lakin keçmişdə olanların hamısını lağa qoymaq düzgün deyil. Bu bir növ hoqqabazlığa bənzəyir".
Şair Elçin Mirzəbəyli qeyd edib ki, yazıçı əsərində keçmişə fərqli baxış ortaya qoymalıdır: "Lakin yanaşma qeyri-peşəkar olacaqsa, onda bu həqiqətən də hoqqabazlıqdan başqa bir şey olmayacaq".
"Bakı xəbər" qəzetinin baş redaktoru Aydın Quliyevin fikrincə isə postmodernizm cərəyanı əslində heç özləri də nə istədiklərini bilməyən yazıçılardan ibarətdir: "Ədəbiyyat hansı cərəyanından asılı olmayaraq, milli olmalıdır. Ədəbiyyat millətə, cəmiyyətə, dövlətə xidmət etməlidir. Kimsə cinsi azlıqlardan əsər yazıb bunu postmodernizm kimi qələmə vermək istəyirsə, bizə belə ədəbiyyat gərək deyil!"
Tədbirdə çıxış edən AYB-nin katibi, "Ədəbiyyat" qəzetinin baş redaktoru, yazıçı Elçin Hüseynbəyli və digərləri mövzu ilə bağlı fikirlərini bölüşüblər.