...

Daşkənddə Azərbaycan cizgi filmləri nümayiş olunub

Mədəniyyət Materials 5 İyun 2014 17:05 (UTC +04:00)
Bu gün Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində yeni Azərbaycan cizgi filmlərinin nümayişi olub.
Daşkənddə Azərbaycan cizgi filmləri nümayiş olunub

Azərbaycan, Bakı, 5 iyun /Trend/

Bu gün Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində yeni Azərbaycan cizgi filmlərinin nümayişi olub.

Azərbaycan Mədəniyyət Mərkəzində Mədəniyyət və Turizm Nazirliyindən göndərilən yeni Azərbaycan cizgi filmlərinin nümayişində Daşkənddəki orta məkəblərin, habelə Türk liseyinin şagirdləri iştirak ediblər.

Trend nazirliyə istinadən məlumat verir ki, tədbir 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunub. Tədbirdə Azərbaycanın Özbəkistandakı səfirliyi, Türkiyənin Özbəkistandakı səfirliyi, habelə Özbəkistanın Respublika Uşaq Kitabxanasının nümayəndələri, Özbəkistanın uşaq yazıçıları iştirak ediblər.

Tədbir çərçivəsində Mədəniyyət Mərkəzinin foyesində Azərbaycan uşaq jurnallarının və kitablarının sərgisi olub və uşaqlar Azərbaycan şirniyyatlarına qonaq ediliblər. Tədbiri açıq elan edən Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov belə filmlərin uşaqların intellektual inkişafı üçün xüsusilə əhəmiyyətli olduğunu bildirib. Özbəkistandakı Türkiyə səfirliyinin mədəniyyət və təhsil üzrə müşaviri Cihan Varlıq çıxış edərək Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsini yüksək qiymətləndirib, uşaqların tərbiyələndirilməsinə xüsusi diqqət yetirilməsinin vacib olduğunu qeyd edib və cizgi filmlərinin uşaqların özlərini dərk etməsi, ətraf aləmi kəşf etmələri üçün önəmli rola malik olduğunu bir daha vurğulayıb.

Azərbaycan Mədəniyyət Mərkəzinin nəzdindəki rəqs kollektivinin üzvləri Azərbaycan rəqsləri ifa ediblər. Daha sonra "Cirtdan", "Tıq-tıq xanım", "Meşəyə insan gəlir" və s. kimi Azərbaycan cizgi filmləri uşaqlar tərəfindən maraqla qarşılanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti