...

Azərbaycanda "Ümumi Mədəni İrs Şəhərləri" beynəlxalq arxeoloji-turizm layihəsi çərçivəsində seminar keçiriləcək

Mədəniyyət Materials 20 Avqust 2014 16:56
İslam Əməkdaşlıq Təşkilatının İqtisadi və Ticarət Əməkdaşlığı üzrə Daimi Komitəsinin (COMCEC) maliyyə dəstəyi ilə Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi tərəfindən həyata keçirilən "Ümumi Mədəni İrs Şəhərləri" beynəlxalq arxeoloji-turizm layihəsi üzrə işlər davam etdirilir.
Azərbaycanda "Ümumi Mədəni İrs Şəhərləri" beynəlxalq arxeoloji-turizm layihəsi çərçivəsində seminar keçiriləcək

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 20 avqust /Trend/

İslam Əməkdaşlıq Təşkilatının İqtisadi və Ticarət Əməkdaşlığı üzrə Daimi Komitəsinin (COMCEC) maliyyə dəstəyi ilə Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi tərəfindən həyata keçirilən "Ümumi Mədəni İrs Şəhərləri" beynəlxalq arxeoloji-turizm layihəsi üzrə işlər davam etdirilir.

Nazirlikdən Trend-ə verilən məlumata görə, layihə COMCEC-ə üzv olan 4 ölkədə (Azərbaycan, Qazaxıstan, Özbəkistan və Türkiyə) mədəni turizm, xüsusilə arxeoloji turizm potensialının araşdırılması, oxşar mədəni irs nümunələrinə sahib olan bölgələrin müəyyən edilməsi, araşdırmaların nəticələrinə əsasən bu ölkələri birləşdirən ortaq turizm məhsulunun yaradılmasını əhatə edir.

Hazırda layihənin 1-ci mərhələsi yekunlaşmaq üzrədir. Bu mərhələ çərçivəsində araşdırmaların aparılması məqsədilə ekspertlərin adıçəkilən ölkələrə səfərləri təşkil edilib və əldə olunmuş araşdırma materialları əsasında Türk-İslam dünyasının arxeoloji-mədəni turizm potensialına dair hesabatın hazırlanması üzərində iş aparılır.

Layihənin 2-ci mərhələsi çərçivəsində araşdırmaların nəticəsi olaraq, birgə turizm məhsulu yaradılması məqsədilə cari ilin 16-18 sentyabr tarixlərində Azərbaycanda bu ölkələrin nümayəndələrinin iştirakı ilə 3 günlük beynəlxalq seminarın keçirilməsi planlaşdırılır. Seminar zamanı layihə çərçivəsində əldə olunmuş nəticələr, bu ölkələrin ortaq tarixi-mədəni irsi, arxeoloji turizm potensialı, İslam mədəniyyətinin əhəmiyyəti, yaradılacaq yeni birgə turizm məhsulu və onun turizm sənayesi üçün əhəmiyyəti, çoxtərəfli əməkdaşlıq perspektivləri və s. məsələlər müzakirə olunacaq.

Seminarda iştirakçı ölkələrin ekspertləri, turizm şirkətləri və media təmsilçiləri ilə yanaşı, Azərbaycanın dövlət və özəl qurumlarının nümayəndələri, həmçinin, müvafiq sahələri təmsil edən ekspert, alim, tələbə və kütləvi informasiya vasitələrinin iştirakı nəzərdə tutulur.

Oktyabr ayında yekunlaşacaq layihənin məqsədi COMCEC regionunda beynəlxalq səviyyədə rəqabətli turizmə və davamlı turizmin inkişafına nail olmaq, əsas turizm bazarlarında bu ölkələrin mədəni turizm resursları barədə məlumatlılığı artırmaq, iştirakçı ölkələrin turizm sahəsində dövlət və özəl sektor nümayəndələri arasında əməkdaşlığı gücləndirmək və bu bölgəyə dünya turizm bazarlarından daha çox turist cəlb etməkdən ibarətdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti