Azərbaycan, Bakı, 14 mart /Trend, müxbir Vüqar İmanov/
Martın 13-də Heydər Əliyev Mərkəzində "Sloveniya Günü"nün açılışı olub.
Trend-in məlumatına görə, Heydər Əliyev Mərkəzinin direktorunun birinci müavini Adil Kərimli çıxışında bildirib ki, Azərbaycanda ilk dəfə keçirilən "Sloveniya Günü"nün böyük əhəmiyyət daşıyır.
Heydər Əliyev Mərkəzində təşkil edilən tədbirlərin rəngarəngliyi ilə diqqəti cəlb etdiyini söyləyən A.Kərimli vurğulayıb ki, bugünkü mərasim də onlardan biridir. Onun sözlərinə görə, millətlərin biri-birini daha yaxından tanımasında böyük rol oynayan bu cür layihələr nəinki paytaxtımızın sakinlərinin, həm də qonaqlarının da ürəyinə yol tapır, onların ruhunu oxşayır: "Bu gün biz Sloveniyanı, onun zəngin mədəniyyətini yaxından tanımağa imkan yaradacaq iki müxtəlif və böyük bir tədbirə start veririk. Bu tədbirlərdən birinci "İki fərqli dünya" adlanan ata və oğulun incəsənət əsərlərinin sərgisi, digəri isə "Eroika" qrupunun təqdimatında konsert proqramıdır".
Sloveniyanın Azərbaycandakı səfiri Milan Yazbek tədbirdə çoxsaylı qonaqların iştirakından məmnunluğunu ifadə edib.
Bəzi qurumlara ölkəsi adından minnətdarlığını bildirən diplomat vurğulayıb ki, belə təşkilatların səyi nəticəsində belə bir gözəl məkanda, Heydər Əliyev Mərkəzində altı ay ərzində ikinci dəfə insanlarla görüşmək fürsəti qazanıb. O, fürsətdən istifadə edərək ölkəsinin Azərbaycandakı fəxri konsulu Elnur Allahverdiyevə belə tədbirlərin keçirilməsinə göstərdiyi köməyə görə təşəkkürünü bildirib.
Ölkələrimiz arasındakı mövcud əlaqələr toxunan səfir qeyd edib ki, belə tədbirlər Azərbaycan ilə Sloveniya arasındakı əlaqələrin olduqca yüksək inkişafından xəbər verir: "Bu gecə sloveniyalı məşhur sənətçi Ljuben Dimkaroski dünyanın ən qədim fleytasında səsləndirəcəyi musiqi nömrələri ilə bizim hamımızın zövqünü oxşayacaq. Sloveniya Milli Muzeyində saxlanılan bu fleytanın 65 min il yaşı var. Bu musiqi aləti neandertal insan dövründə icad edilib. Sadə, bir neçə dəliyi olan bu musiqi alətinin sehrində biz həmin dövrlərin ruhunu hiss edəcək, eyni zamanda müasir musiqi əsərlərini dinləyəcəyik. Eyni zamanda biz rənglərin səyahətinə də çıxacağıq. Belə ki, Sloveniya rəssamları Peter və Joze Ciuhaların əsərlərinin bənzərsiz rənglər dünyasına 18 rəngin nələr yaratdığını seyr edəcəyik".
Tədbir çərçivəsində qonaqlar əvvəlcə incəsənət sərgisi ilə tanış olublar.
Sonra iştirakçılar, həmçinin Heydər Əliyev Mərkəzində məşhur "Eroika" qrupunun konsertini dinləyiblər. Matjaz Robavs (bariton), Aljaz Farasin (tenor) və Metod Zunecdən (tenor) ibarət trio tamaşaçılara maraqlı musiqi proqramı təqdim edib. Trio səhnəyə Niyazi adına simfonik orkestrinin müşayiəti ilə çıxıb. Gecədə qrupun ifasında Müslüm Maqomayevin "Odlar yurdu Azərbaycan" mahnısı da səsləndirilib.
Qeyd edək ki, qrupun repertuarına ingilis, ispan və italyan dillərində bir çox ölkələrdə hitə çevrilmiş mahnılar, eləcə də Sloveniya, Serbiya və Xorvatiyanın pop mahnılarının remeykləri daxildir.