Azərbaycan, Bakı, 7 aprel /Trend/
Böyük Britaniyanın Viktoriya və Albert Muzeyinin direktoru Bakı şəhərinə səfər edəcək.
Trend Mədəniyyət və Turizm Nazirliyinin saytına istinadən məlumat verir ki, Londonda Təbiətin Mühafizəsi üzrə Beynəlxalq Birliyin "Qırmızı kitab"ının 50 illik yubileyinə həsr edilmiş "Bu gün burada" adlı sərgi çərçivəsində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Böyük Britaniyanın Viktoriya və Albert Muzeyinin direktoru professor Martin Rotu ölkəmizə dəvət edib.
Professor M.Rot və onu müşayiət edən köməkçisi Yekaterina Taşeva cari ilin 8-10 aprel tarixində Azərbaycanda səfərdə olacaqlar.
Səfərin əsas məqsədi dünyanın ən nüfuzlu muzeylərindən biri olan Viktoriya və Albert Muzeyi ilə əməkdaşlıq əlaqələrinin gücləndirilməsi və Azərbaycan muzey işçilərinin müasir beynəlxalq muzey təcrübəsindən bəhrələnməsidir.
Qeyd edək ki, M.Rot 9 aprel tarixində Azərbaycan Xalça Muzeyi və Milli İncəsənət Muzeyinə baş çəkəcək.