...

Viktoriya və Albert Muzeyinin direktoru Azərbaycan Xalça Muzeyində olub (FOTO)

Mədəniyyət Materials 10 Aprel 2015 19:34 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 aprel /Trend/

Ölkəmizdə səfərdə olan İngiltərənin Viktoriya və Albert Muzeyinin direktoru Martin Rot Azərbaycan Xalça Muzeyində olub.

Mədəniyyət və Turizm Nazirliyindən Trend-ə verilən məlumata görə, qonağı Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev qəbul edərək, Viktoriya və Albert Muzeyinə Qarabağın "Bəhmənli" xalçasının surətini hədiyyə edib.

Xalçanın əsli Azərbaycan Xalça Muzeyində saxlanılır və üzərində toxucunun adı və xalçanın toxunma tarixi - "Hicri 1346, Nargilə xanım" yazısı həkk olunub.

"Bəhmənli" xalçalarının naxışları XV əsrdən etibarən Azərbaycanda toxunmağa başlayan məşhur "Əjdahalı" xalçalarının interpretasiyasıdır. "Əjdahalı" naxışları Azərbaycana Böyük İpək Yolu vasitəsilə gəlib və Azərbaycan xalça sənətinin inkişafında mühüm rol oynayıb.

Hədiyyə olunan xalça 2014-cü ildə Azərbaycan Xalça Muzeyində Lalə Əliyeva tərəfindən toxunub.

Qeyd edək ki, dünyanın aparıcı muzeylərindən biri olan İngiltərənin Viktoriya və Albert Muzeyinin direktoru M.Rot Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın dəvəti ilə aprelin 9-da Azərbaycana səfər edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti