Azərbaycan, Bakı, 13 aprel /Trend/
Aprelin 15-də saat 19:00-da Akademik Milli Dram Teatrında Toyqun Orbayın pyesi əsasında hazırlanmış "2115 qatarı" tamaşasının premyerası keçiriləcək.
Mədəniyyət və Turizm Nazirliyindən Trend-ə verilən məlumata görə, tamaşanın quruluşçu rejissoru Azərbaycan və Kalmıkiya respublikalarının əməkdar incəsənət xadimi Bəhram Osmanov, quruluşçu rəssamı Samirə Həsənova, musiqi tərtibatçısı Kamil İsmayılov, işıq üzrə rəssamı Rafael Həsənovdur.
Tamaşada xalq artisti, dövlət mükafatı laureatı Hacı İsmayılov (Vağzal məmuru), xalq artisti Nurəddin Mehdixanlı (Kişi), əməkdar artistlər Sənubər İsgəndərova (Qadın), Firuz Xudaverdiyev (Yaşlı kişi) və aktyor Ramin Şıxəliyev (Yaşlı kişi) çıxış edirlər.
75 dəqiqə davam edəcək tamaşanın janrı bir hissəli mövcudluq oyunu kimi müəyyənləşdirilib.
Pyesi Azərbaycan dilinə Dilsuz tərcümə edib.
T.Orbay 1956-cı ildə İstanbulda anadan olub. Tibb sahəsində çalışmaqla bərabər, dramaturgiya sahəsində də fəaliyyət göstərir. "Mat", "Şərəfinə insanoğlu" və "2115 qatarı" pyeslərinin müəllifidir. Pyesləri İstanbul, Ankara, İzmir, Girne, Nyu York və Lefkoşada dəfələrlə tamaşaya qoyulub.
Müəllif "2115 qatarı" birpərdəli pyesini 2002-ci ildə yazıb. Akademik Milli Dram Teatrının bu tamaşası Azərbaycan səhnəsində T.Orbay yaradıcılığına ilk müraciətdir.