Azərbaycan, Bakı, 18 iyun /Trend, müxbir İlhamə İsabalayeva/
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) 70 illiyinə həsr olunan "Azərbaycanın elm məbədi" adlı sənədli film çəkilir.
Akademiyadan Trend-ə verilən məlumata görə, qurumun Direktorlar Şurasının iclasında çıxış edən AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli çəkilişlərin artıq 10 aydır davam etdiyini bildirib.
Vitse-prezident qeyd edib ki, bu müddət ərzində filmin ssenarisi yazılıb, eyni zamanda, Azərbaycan Dövlət Kino-Foto Sənədləri Arxivindən SSRİ Elmlər Akademiyası Zaqafqaziya Filialının Azərbaycan Bölməsinin təşkil edildiyi dövrün arxiv lentləri araşdırılıb. Akademiyaya yalnız 1934-cü ildən 1984-cü ilə qədər lentə alınmış materiallar təqdim olunub. Təqdim edilən kadrlardan 26 unikal lent seçilib. Hazırda bu lentlərin üzü köçürülür və montaja hazırlanır. Akademiyanın tarixi ilə bağlı müxtəlif arxivlərdən 101 şəkil toplanıb.
İ.Həbibbəyli bildirib ki, Akademiyanın bir çox institutlarında da çəkilişləri aparılmış filmin baş rejissoru kinoşünas, əməkdar incəsənət xadimi Ayaz Salayevdir. Filmin montajının sentyabr-oktyabr aylarında başa çatması nəzərdə tutulur.