...

19-cu əsr Bakının ecazkar görüntüləri Fransada nümayiş olunub (FOTO)

Mədəniyyət Materials 28 Noyabr 2017 15:16 (UTC +04:00)
Bakının 19-cu əsrdə çəkilmiş bəzi unikal və bu günə qədər nümayiş olunmamış fotoşəkilləri Fransanın Reims şəhərində "Musée-Hôtel Le Vergeur" otelində Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) Fransa ofisinin təşəbbüsü ilə sərgilənib.
19-cu əsr Bakının ecazkar görüntüləri Fransada nümayiş olunub (FOTO)

Bakı. Trend:

Bakının 19-cu əsrdə çəkilmiş bəzi unikal və bu günə qədər nümayiş olunmamış fotoşəkilləri Fransanın Reims şəhərində "Musée-Hôtel Le Vergeur" otelində Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) Fransa ofisinin təşəbbüsü ilə sərgilənib.

TEAS-dan Trend-ə verilən məlumata görə, sərgidə Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayev, Gürcüstanın Fransadakı səfiri xanım Ekaterina Siradze-Delaunay və Reims şəhər merinin mədəniyyət məsələləri üzrə müavini Paskal Labell də daxil olmaqla, 60-a yaxın qonaq iştirak edib.

Qeyd edək ki, fotoşəkillər səyyah, fotoqraf, xeyriyyəçi və “Musée-Hôtel Le Vergeur” otelinin keçmiş sakini olmuş Hugues Krafft (1853–1935) tərəfindən çəkilib. O, 1896 və 1898-ci illərdə Rus çarı II Nikolayın xeyir-duası ilə Cənubi Qafqaza səyahət edib. Onun Paris Coğrafiya Cəmiyyətinin qızıl medal və Fransa Akademiyasının Monthyon mükafatını qazanmış bəzi fotoşəkilləri 1902-ci ildə “Haçette” nəşriyyatı tərəfindən “Rus Türkistanından keçərkən” (Á travers le Turkestan russe) kitabında dərc edilib. İndiyə kimi bəzi fotoşəkillər sərgilənməyib.

Hugues Krafft Azərbaycan da daxil olmaqla, Cənubi Qafqazın mindən artıq görüntülərini lentə alıb. Onların 547-si “Musée-Hôtel Le Vergeur” otelinin arxivində saxlanılır. Bu fotoşəkillər demək olar ki, yoxa çıxmış məkanı və zamanı özündə təcəssüm etdirir. Bəzilərində insanlar gündəlik həyatda öz fəaliyyətləri ilə məşğul olarkən, bəzilərində isə onların ilk fotoçəkiliş təcrübəsi olan hadisə üçün xüsusilə seçilmiş ən yaxşı paltarlarında əks olunublar. Ümumilikdə, Cənubi Qafqazda çəkilmiş şəkillərdən 26-sı 1898-ci ildə Bakıda çəkilib.

Fransada yaşayan gürcü tarixçisi Ana Çeişvilinin rəhbərliyi altında və TEAS Fransa ofisindən Ülkər Muller tərəfindən koordinasiya edilən bu maraqlı sərgi həm sosioloji, həm də etnoqrafik cəhətdən çox dəyərlidir.

Krafft tərəfindən təsis edilmiş Köhnə Reims Dostları Cəmiyyətinin sədri Jan-Fransua Kornü tədbir iştirakçıları qarşısında çıxış edərkən deyib: “Krafftın lentə aldığı fotoşəkilləri füsünkar mənzərə və abidələri, yerli xalqların geyim və mərasimlərini unikal və əvəzedilməz ifadələrə çevirdi...

Krafft rus imperiyasına səfər etdikdə Bakı bir əyalət şəhəri idi. Lakin o, şəhərin türk, fars və rus irsi ilə dolu olan memarlığına heyran qaldı. Krafft böyük səyyah, tarixçi, yazıçı, fotoqraf və etnoqraf idi. Əminəm ki, bu sərginin sayəsində iştirakçılar müasir Bakını ziyarət etmək istəyəcəklər”.

TEAS Fransa ofisinin direktoru Marie-Laetitia Gourdin: “Fransadakı şəxsi kolleksiyalarda və arxivlərdə saxlanılan fotoşəkillərə baxarkən, biz Hugues Krafftın Qafqazdakı səyahətlərinə aid fotoşəkillərin mövcudluğunu aşkar etdik və əmin olduq ki, onun Bakıda səfərini əks etdirən fotoşəkilləri dərc edilməmişdir. Bu sərginin nəticəsi olaraq TEAS Press Nəşriyyatı tərəfindən eyniadlı kataloq dərc edilib”.

Azərbaycanın Fransadaki səfiri Rəhman Mustafayev sərginin təşkili təşəbbüsünü yüksək qiymətləndirərkən billdirib ki, bu cür sərgilər bizə Bakının qədim tarixini anlamağa və həmin dövrdə dünyadakı mövqeyini nəzərə almağa imkan verir. 19-cu əsrdən 20-ci əsrin əvvəllərinə qədər Rusiya İmperiyasının bir hissəsi olmağına və 1920-ci ildən sonra Sovet İttifaqının boyunduruğuna düşməsinə baxmayaraq, Bakı özünəməxsusluğunu qoruyub saxlamışdır.

Gürcüstanın Fransadaki səfiri xanım Ekaterina Siradze-Delaunay, Fransada Cənubi Qafqaz ölkələrinin mədəniyyəti və tarixinin təbliğində bu cür layihələrin vacibliyini və simvolik əhəmiyyətə malik olduğunu vurğulayıb.

Reims şəhər merinin mədəniyyət məsələləri üzrə müavini Paskal Labell tarixin şahidi və mirasın qeydçisi kimi fotoqrafiyanın əhəmiyyətini və rolunu vurğulayaraq bu fotoşəkillərin Reims və Bakı arasında tarixi əlaqələrin göstəricisi kimi dəyərləndirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti