Bakı. Trend:
Özbəkistanın Kokand şəhərindəki Mukimiy adına Dövlət Pedaqoji İnstitutunun şəhər Musiqili Dram Teatrında yazıçı Yunus Oğuzun "Atabəy Eldəniz" kitabının təqdimatı keçirilib.
Trend-in məlumatına görə, tədbirdə institutun professor-müəllim heyəti, tələbələr, oxucular iştirak edib.
"Əbədi qardaşlıq səhifələri" adlı tədbiri institutun ədəbiyyat fakültəsinin dekanı Ziba Qobilova açaraq Yunus Oğuzu bu münasibətlə təbrik edib, onun yaradıcılığı haqqında məlumat verib. Deyib ki, Özbəkistanda Yunus Oğuzun "Əmir Teymur" romanı özbək dilində çap edildikdən sonra o ölkəmizdə tanınıb. Bu romandan sonra yazıçının daha bir neçə əsəri özbək dilində çap olunub. Bu gün isə yazıçı "Atabəy Eldəniz" romanını Kokand oxucularına təqdim edir.
Bildirilib ki, kitabda Atabəylər dövlətinin yaranması və fəaliyyətindən söhbət açılır.
Sonra institut tərəfindən Yunus Oğuza diplom təqdim edilib.
Alim və tərcüməçi Babaxan Şərif Yunus Oğuzu oxuculara bir alim və yazıçı kimi təqdim edib. O bildirib ki, Yunus Oğuz yaradıcılığa alim kimi başlayıb və onun bir sıra elmi əsərləri çap edilib.
Bildirilib ki, dünyanın 22 ölkəsində yazıçının 45-dən çox kitabı çap olunub. Yunus Oğuz "Atilla" pyesi, "Nadir şah", "Təhmasib şah", "Qədim türklər və rasionallıq nəzəriyyəsi L.N.Qumilyovun tədqiqatlarında", "Türkün tarixinə yeni baxış", "Qədim Anadolu və Azərbaycan türkləri" və digər kitabları ilə tanınır.
Filologiya elmləri namizədi Gülnaz Səttarova Yunus Oğuzun əsərlərinin Özbəkistandan başqa, Türkiyə, Rusiya, İran, Böyük Britaniya, Fransa, Qazaxıstan, Qırğızıstan və digər ölkələrdə çap edildiyini bildirib, onun əsərlərinin populyarlığından söz açıb.
Sonda müəllif çıxış edərək institutun rəhbərliyinə minnətdarlığını bildirib, gələcək planlarından söz açıb.