Bakı. Trend:
Gəncədə bərpa olunan Şah Abbas və Uğurlu xan karvansaraylarında son tamamlama işləri gedir. Bu barədə Trend Mədəniyyət Nazirliyinə istinadən məlumat verir.
Mədəniyyət naziri Əbülfəs Qarayev və Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov şəhərin qədim tarix-memarlıq abidələri olan Şah Abbas və Uğurlu xan karvansaraylarında aparılan əsaslı təmir-bərpa və yenidənqurma ilə əlaqədar son tamamlama işləri ilə tanış olublar.
Sonra nazir və şəhərin icra başçısı F.Əmirov adına Gəncə Dövlət Filarmoniyasına gəliblər. Burada yeni yaradılmış Urban Mərkəzi barədə nazirə məlumat verilib. Ə.Qarayev Gəncə Dövlət Filarmoniyasında fəaliyyət göstərən musiqi kollektivlərinin fəaliyyəti ilə də maraqlanıb, kollektivlərin çıxışını izləyib.
“Göygöl” Dövlət Mahnı və Rəqs Ansamblının, Kamera orkestrinin, Xalq çalğı alətləri orkestrinin və yeni yaradılmış Uşaq rəqs ansamblının, “Xəmsə” estrada ansamblının və xor kollektivinin fəaliyyəti barədə məlumat verilib.
Mədəniyyət naziri və şəhər İcra Hakimiyyətinin başçısı daha sonra Gəncə çayının sağ sahilində Gəncə Dövlət Dram Teatrının yeni binasının inşası ilə əlaqədar görülən işlərlə tanış olublar.