...

Rafiq Babayevin yaradıcılığına həsr olunmuş seminar-diskussiya keçirilib (FOTO)

Mədəniyyət Materials 4 May 2022 20:10 (UTC +04:00)
Rafiq Babayevin yaradıcılığına həsr olunmuş seminar-diskussiya keçirilib (FOTO)

Bakı. Trend:

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən Bakı Beynəlxalq Caz Günü böyük uğurla və tam anşlaqlarla davam edir.

Coffee & Jazz kafesində görkəmli Azərbaycan cazmeni Rafiq Babayevin yaradıcılığına həsr olunmuş "RAFİQ BABAYEV: MÖVZU VƏ VARİASİYALAR" seminar-diskussiya keçirilib. Gecənin aparıcıları qismində əməkdar mədəniyyət işçisi, radio və televiziya verilişlərinin aparıcısı Rahib Azəri və musiqişünas, Bakı Marionet Teatrının aktrisası Fərizə Babayeva çıxış etdilər. Tədbir zamanı qonaqlara və iştirakçılara xoş sürpriz təqdim olundu – Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının tələbəsi musiqişünas Esmeralda Cəbrayılbəyovanın 1988-ci ildə R. Babayevdən aldığı müsahibəsindən audio kaset səsləndirildi. Rahib Azəri əvvəlcə festival haqqında danışaraq sözü musiqişünas, Rafiq Babayevin qızı Fərizə Babayevaya verdi. Kiçik introdan sonra tədbirə E. Cəbrayılbəyovanın özü də onlayn rejimdə qoşularaq tamaşaçıları salamladı.
Sonra, tədbirin maraqlı gedişatı başladı. F. Babayeva müsahibəni 4 tematik bloka bölərək, cari tədbirin məqsədi və formasını açıqladı. Hər bir blokda R. Babayevin caz, xalq ənənələri, müasir musiqi və Azərbaycan cazının gələcəyi haqqında fikirləri dinlənildi. Hər bir blokun sonunda sual-xülasə verildi və hər bir blok dinlənildikdən sonra gecənin iştirakçıları və qonaqları verilən sualları cavablandırdılar. Diskussiyada Azərbaycan Respublikasının xalq artistləri - kinorejissor Oqtay Mirqasımov, cazmenlər və bəstəkarlar Cəmil Əmirov və Salman Qəmbərov, musiqişünas Cahangir Səlimxanov, M. Lomonosov adına MDU-nin Bakı filialının tələbəsi Orxan Babazadə, musiqişünas Turan Məmmədəliyeva və digər iştirakçılar çıxış etdilər.

Diskussiyanın sonunda paytaxtımızın aparıcı caz nümayəndələrinin – Cəmil Əmirovun, Salman Qəmbərovun, əməkdar artistlər Tofiq Cabarovun, Vaqif Əliyevin, gənc ifaçıların – Mircavid Cəfərovun, Vasif Hüseynin, Firudin Həmidovun, Elcan Cəbrayılovun, Nicat Aslanovun, Həsən Bilalovun, Samirə Rəcəblinin və başqalarının iştirakı ilə musiqi proqramı təqdim olundu.

Tədbirin sonunda R. Azəri Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Təşkilat Komitəsinə, eləcə də Rafiq Babayevin ailə üzvlərinə – Fərizə və Gülarə Babayevaya, Mikayıl Hüseynova gecənin təşkilində dəyərli əməyinə görə təşəkkür etdi.
İnformasiya dəstəyi - Trend.az, Day.az, Milli.az, Azernews.az

Məqalədə:
Xəbər lenti

Xəbər lenti