...

“Rauf Hacıyev-100” festivalı təntənəli simfonik konsertlə tamamlandı (FOTO)

Mədəniyyət Materials 28 Dekabr 2022 16:16 (UTC +04:00)
“Rauf Hacıyev-100” festivalı təntənəli simfonik konsertlə tamamlandı (FOTO)

Bakı. Trend:

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən “Rauf Hacıyev-100” Musiqi Festivalının bağlanış konserti M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında baş tutdu.

Konsert musiqişünas, tədqiqatçı Vəfa Həmidovanın giriş sözü ilə açıldı. Rauf Hacıyev yaradıcılığının musiqi mədəniyyətimizdə qoyduğu iz, onun əsas yaradıcılıq istiqamətləri və daşıyıcısı olduğu ənənələr, ifa olunacaq əsərlər haqda söz açıldı. Bu il dekabr ayında keçirilməyə başlanan “Rauf Hacıyev-100” Festivalı haqda da öz qeydlərini bölüşən aparıcı söhbətin sonunda publikanı ən xoş, işıqlı emosiyalara kökləyib sözü musiqiyə verdi.

Simfonik konsert bəstəkarın sırf simfonik əsərlərindən ibarət proqrama əsaslandı. 1954-cü ildə bəstələnmiş “Rəqs lövhələri” süitası ilə açılan musiqi axşamı publikanı incə zövqlü, zəngin orkestrovkalı, rəqs ritmləri və rəngarəng orkestr dilinə malik musiqiyə qərq etdi. “Qızların rəqsi”, “Rəqs”, “Yallı” adlı orkestr miniatürləri nurlu, nikbin, həyati və rəngarəng Şərq çalarlı fərqli lirik-məişət lövhələrini canlandırdı.

Bəstəkarın simli ifaçılıq repertuarından düşməyən Violin ilə orkestr üçün konserti solist, Azərbaycan Respublikasının Əməkdar artisti Ceyla Seyidovanın ifasında və Əməkdar artist Fuad İbrahimovun dirijorluğu altında Ü.Hacıbəyli adına Dövlət Simfonik Orkestrinin müşayiətində səsləndi.

Xatırladaq ki, bu əsər Azərbaycan musiqisi tarixində Violin konserti janrına üçüncü müraciət olub, daha ekspressiv musiqi dili və səciyyəsi ilə, dinamik musiqi inkişafı və gənclik ruhu ilə sələf əsərlərdən seçilir.

Konsertin böyük bir novator cəhəti – R.Hacıyevin çox-çox əvvəl yazılsa da, postsovet zamanda ilk dəfə ifa olunan “Gənclik simfoniyası” (1952) oldu. Xatırladaq ki, bu əsər bəstəkarın buraxılış diplom əsəri olub, onun simfoniya janrında ilk əsəridir və Azərbaycan musiqisi tarixində isə lirik-dramatik simfoniyanın ilk nümunəsidir. 4 hissədən ibarət bu silsilə lirik, məzəli və həyati, fəlsəfi və həyat alovu ilə dolğun olan obrazları birləşdirir. Böyük diqqətlə dinlənilən “Gənclik” simfoniyası postsovet məkanda, yeni minillikdə npvbəti premyerasını yaşadı.

Konsertin sonunda dinləyicilərə bir ərməğan olaraq orkestr R.Hacıyevin simfonik şedevrlərindən olan “Qaytağı” əsərini ifa etdi.

İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az, Azernews.Az

Məqalədə:
Xəbər lenti

Xəbər lenti