Bakı. Trend:
Sentyabrın 18-dən 28-nədək Heydər Əliyev Fondunun və Mədəniyyət
Nazirliyinin təşkilatçılığı ilə Üzeyir Hacıbəyli XV Beynəlxalq
Musiqi Festivalı keçiriləcək.
Trend xəbər
verir ki, festival çərçivəsində Bakı, Gəncə, Şəmkir və Şuşada açıq
havada və müxtəlif məkanlarda konsertlər, tamaşalar, sərgilər, elmi
konfrans, ustad dərsləri və digər tədbirlər nəzərdə tutulur.
2009-cu ildən etibarən keçirilən Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi
Festivalının Milli Musiqi Gününə təsadüf edən ilk günü - sentyabrın
18-də Şuşa şəhərində açıq havada Azərbaycan Dövlət Akademik Opera
və Balet Teatrının təqdimatında “Leyli və Məcnun” operası nümayiş
olunacaq. Eləcə də Bakıda Fəvvarələr Meydanında Azərbaycan Dövlət
Nəfəs Alətləri Orkestri bayram konserti təqdim edəcək. Həmin gün
axşam isə Heydər Əliyev Sarayında Xalq artisti Arif Məlikovun
dünyanın bir sıra teatrlarının repertuarını bəzəyən “Məhəbbət
əfsanəsi” baleti uzun fasilədən sonra yenidən öz vətənində nümayiş
olunacaq.
Üzeyir Hacıbəyli XV Beynəlxalq Musiqi Festivalı bu il yeniyetmə və
gənclər üçün xüsusi layihələrlə də yadda qalacaq. Belə ki,
Azərbaycan Dövlət Uşaq Filarmoniyası və Bakı şəhərində fəaliyyət
göstərən uşaq musiqi məktəblərinin şagirdlərindən ibarət 200
nəfərlik birləşmiş Xalq Çalğı Alətləri Orkestri Heydər Əliyev
Mərkəzinin parkında çıxış edəcək, gənc istedadların iştirakı ilə
bədii proqramlar təşkil olunacaq. Festival günlərində Bakı
şəhərindəki iri ticarət mərkəzlərində xüsusi ayrılmış yerlərdə
məşhur müğənnilərin ifasında Üzeyir Hacıbəylinin vokal əsərləri
karaoke formatında səslənəcək və arzu edən hər kəs bu karaokeyə
qoşula biləcək.
ABŞ, Fransa, Gürcüstan, Xorvatiya, Rusiya, Sinqapur və digər
ölkələrdən tanınmış musiqiçi və kollektivlərin də iştirak etdiyi
festival günlərində Müslüm Maqomayev adına Azərbaycan Dövlət
Akademik Filarmoniyası, Azərbaycan Milli İncəsənət Muzeyi,
Beynəlxalq Muğam Mərkəzi, Azərbaycan Dövlət Akademik
Filarmoniyasının Kamera və Orqan Musiqisi Zalı, Üzeyir Hacıbəyli
adına Bakı Musiqi Akademiyasının Opera Studiyasında və digər
məkanlarda müxtəlif proqramlar təqdim olunacaq.
Üzeyir Hacıbəyli XV Beynəlxalq Musiqi Festivalı başlayır
