Bakı. Trend:
IV Beynəlxalq Bəstəkarlar Müsabiqəsinin qalibləri 18 sentyabr - Azərbaycan Milli Musiqi Günündə "National Music & Global Culture Society"-nin (Milli Musiqi və Qlobal Mədəniyyət Cəmiyyəti) prezidenti, Azərbaycanın Əməkdar Artisti, beynəlxalq müsabiqə laureatı, fəlsəfə doktoru, professor Nərgiz Əliyarova tərəfindən elan olundu. Bu, Azərbaycanın musiqi tarixində ilk və yeganə beynəlxalq bəstəkarlar müsabiqəsidir. Bu ilki müsabiqə Azərbaycan xalq mahnılarına həsr olunmuşdu. Məqsəd plagiata məruz qalmış bir sıra xalq mahnılarımızın məhz Azərbaycan mədəniyyətinə aid olduğunu vurğulamaq və onları dünyada geniş təbliğ etmək idi.
Müsabiqənin laureatları Kian Ravaei (ABŞ) - 1-ci yer, Ceyhun Allahverdiyev (Azərbaycan) - 2-ci yer, Juanjo Villarroya Grau (İspaniya) - 3-cü yerə layiq görülüblər. Qaliblər müsabiqənin diplomları ilə yanaşı, pul mükafatları da alacaqlar - 1-ci yer üçün 2000 ABŞ dolları, 2-ci yer üçün 1000 ABŞ dolları və 3-cü yer üçün 500 ABŞ dolları. Daha yeddi bəstəkar müsabiqənin diplomantlarına layiq görülüb - Cosimo Bombardieri (İtaliya), Sina Jafarikia (İran), Michael Tan (Kanada), Ben Yi-Paulson (ABŞ), Rufət Xəlilov (Azərbaycan), Jared Destro (ABŞ), Bracha Bdil (İsrail).
Müsabiqənin münsiflər heyətinə Nyu-Yorkdakı məşhur Juilliard Məktəbinin kompozisiya kafedrasının müdiri Melinda Vagner (münsiflər heyətinin sədri), Azərbaycan Bəstəkarlar İttifaqının katibi, Əməkdar İncəsənət Xadimi Cəlal Abbasov, Şimali Texas Universitetinin musiqi kompozisiyası kafedrasının dosenti Sungji Hong daxil idi. Bu il müsabiqədə dörd qitədən 22 ölkənin nümayəndələri iştirak edirdilər. Qaliblərin əsərlərinin premyerası Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində Kamera və Orqan Musiqisi Zalında (Kirxa) 28 sentyabr saat 17:00-da keçiriləcək. Biletləri şəhərin kassalarından əldə etmək mümkündür.
"Müsabiqənin Qala konsertinin festival çərçivəsində təqdim edilməsi imkanı üçün Mədəniyyət Nazirliyinə təşəkkürümüzü bildiririk. Layihəyə dəstək olduğuna görə Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinə xüsusi minnətdarlığımızı ifadə edirik," - Nərgiz Əliyarova qeyd edib.
Müsabiqənin Qala konserti həmçinin 8 noyabr 2024-cü ildə Nyu-Yorkda, Lincoln Mərkəzindəki Bruno Walter zalında keçiriləcək. Ən yaxşı əsərlər vahid bir toplu şəklində ABŞ Konqreslər Kitabxanasında qeydiyyatdan keçiriləcək, kitabxananın kataloqlarına daxil ediləcək və Nyu-Yorkda nəşr ediləcək.
Qeyd etmək lazımdır ki, I və II Bəstəkarlar Müsabiqəsinin laureatlarının Ü.Hacıbəyli və F.Əmirovun melodiyalarına həsr olunmuş iki toplusu artıq Nyu-Yorkda nəşr olunub. 2021-ci ildə keçirilmiş birinci Beynəlxalq Bəstəkarlar Müsabiqəsində 35 ölkədən 50-dən çox iştirakçı, 2022-ci ildə keçirilmiş ikinci müsabiqədə 23 ölkədən 35 iştirakçı, 2023-cü ildə keçirilmiş üçüncü müsabiqədə isə 22 ölkədən 54 iştirakçı iştirak edib. Müxtəlif illərdə Azərbaycan, Böyük Britaniya, ABŞ, Almaniya, Avstriya, İspaniya, Polşa, Çin, Kolumbiya, Gürcüstan və Ukraynanı təmsil edən iştirakçılar müsabiqənin qalibləri olublar.