...

90 nəfər and içdi - Vəkil oldu (FOTO)

Gündəm Materials 2 May 2018 11:40 (UTC +04:00)
90 nəfər vəkilliyə namizədin təntənəli andiçmə mərasimi keçirilib.
90 nəfər and içdi - Vəkil oldu (FOTO)

Bakı. Samir Əli - Trend:

Bu gün ilk dəfə olaraq Azərbaycan Vəkillər Kollegiyası Rəyasət Heyətinin üzvləri, yerli və beynəlxalq təşkilatların və KİV nümayəndələrinin iştirakı ilə keçirilən iclasda ixtisas imtahanlarını və icbari təlimi uğurla başa vurmuş 90 nəfər vəkilliyə namizədin təntənəli andiçmə mərasimi keçirilib.

Trend-in məlumatına görə, tədbir BMT-nin İnsan Hüquqları üzrə Ali Komisarlığının dəstəyi ilə təşkil olunub.

Vəkillər Kollegiyasının sədri Anar Bağırov tədbirdə açılış nitqi ilə çıxış edərək, vəkillik institutunun inkişafı ilə bağlı həyata keçirilən tədbirlər və gələcək planlar, Prezidentin 2018-ci il 22 fevral tarixli sərəncamının bu baxımdan xüsusi əhəmiyyət kəsb etməsi, bu çərçivədə ölkədə fəaliyyət göstərən vəkillərin sayının savadlı və peşəkar hüquqşünaslar hesabına artırılmasının önəmi barədə danışıb. O cümlədən, vəkilliyə qəbulla bağlı keçirilən ixtisas imtahanlarını uğurla keçmiş və icbari təlimi tamamlamış namizədləri bu münasibətlə təbrik edib, onlara gələcək peşə fəaliyyətlərində müvəffəqiyyətlər arzulayıb.

Daha sonra, peşəyə buraxılan 90 nəfər vəkilliyə namizəd qanunvericilklə nəzərdə tutulmuş qaydada vəkil andı içib, onlara yeni nəsil Vəkillər Kollegiyası üzvünün vəsiqəsi təqdim edilib.

İclasda həmçinin Vəkillər Kollegiyasının sədri Anar Bağırova və Bakı şəhəri 5 saylı hüquq məsləhətxanasının müdiri, vəkil Eleanora Rəcəbovaya Rusiya Vəkillər Gildiyasının rəsmisi tərəfindən Gildiyanın təltifi olan “Rusiyanın fəxri vəkili” döş nişanları təqdim olunub.

İclas öz işini təşkilati və cari məsələlərin müzakirəsi ilə davam etdirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti