Bakı. Samir Əli - Trend:
Atamla telefonla danışandan təxminən yarım saat sonra onu ermənilər vurdu.
Bunu Trend-ə açıqlamasında iyulun 14-də erməni hərbi birləşmələrinin Tovuz rayonunun Ağdam kəndini atəşə tutması nəticəsində həlak olan kənd sakini, 1944-cü il təvəllüdlü Əzizov Əziz İzzət oğlunun qızı Zərnişan Gözəlova deyib.
Onun sözlərinə görə, həmin gün səhər saatlarında atası ilə danışarkən ermənilər kəndi atəşə tutub: "Bir müddət əvvəl oğlumla gəlmişdik atamın yanına, onunla qalırdıq. Ayın 12-də ermənilər təxribata əl atanda dedim gəl gedək bizə, getmədi.
Dedi evimi atıb heç yerə gedə bilmərəm. Biz ayın 12-də gəldik evimizə. Ayın 14-də səhər saat 8-də atamla danışdım. Dedi ermənilər yenə atırlar. Biz danışanda sakitlik idi, danışa-danışa birdən səslər eşidildi. Atamla sağollaşdım, dedim özünü gözlə, dedi narahat olma. 9-un yarısında bacım zəng vurdu ki, atam telefonu açmır. Məlum oldu ki, mən danışıb sağollaşan kimi ermənilər evimizi mərmi atəşinə tutub, atam həlak olub".