Bakı. Samir Əli - Trend:
Koronavirus infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədilə Ağstafa Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları fəaliyyətinə icazə verilən obyektlərdə, əhalinin sıx olduğu yerlərdə nəzarət-profilaktiki reydləri davam etdirir.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Trend-ə verilən məlumata görə tədbirlərdə tənəffüs yollarını qoruyan fərdi qoruyucu vasitələrdən istifadə etməyən şəxslərə mövcud sanitar-epidemioloji tələblər izah olunub. Reydlərdə xüsusi karantin rejiminin tələbərinə zidd olaraq bəzi ticarət obyektlərinin müştərilərə yerində xidmət göstərməsi aşkarlanıb. Bundan başqa, polis əməkdaşları bank və ATM-lərin qarşısında dayanan vətəndaşlara növbə zamanı sosial məsafənin gözlənilməsini mütəmadi olaraq təmin edirlər. aşkarlanan hüquqazidd əməllərin qarşısı alınaraq, qanunvericiliyə uyğun tədbirlər görülüb.
RPŞ-nin Dövlət Yol Polis Bölməsi də dayanacaqlarda, sərnişindaşıma ilə məşğul olan nəqliyyat vasitələrində sakinlərlə maariflədirici söhbətlər aparıb, xüsusi karantin rejim qaydalarına riayət etməyə çağırıblar. Tibbi maskadan istifadənin zəruri olduğunu, əks halda barələrində qanunauyğun tədbirlərin görüləcəyi onların diqqətinə çatdırılıb. Edilən xəbərdarlıqlara baxmayaraq, tibbi maskadan istifadə etməyən şəxslər, sərnişindaşıma ilə məşğul olan sürücülər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib və onlar cərimə ediliblər.