...

Şəhid övladlarının himayəyə götürülməsi qürurvericidir - Naqif Həmzəyev (FOTO)

Gündəm Materials 6 Dekabr 2021 19:12 (UTC +04:00)
Şəhid övladlarının himayəyə götürülməsi qürurvericidir - Naqif Həmzəyev (FOTO)

Bakı. Trend:

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) və üzv təşkilatların şəhid ailələrinə dəstəyi davam edir. Belə ki, İkinci Qarabağ Müharibəsində şəhid olmuş Vətən Müharibəsi Qəhrəmanı, baş leytenant Adil İbrahimlinin iki azyaşlı övladı – Əbəlfəz və Aidə İbrahimlilər Konfederasiyanın üzv təşkilatı olan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi tərəfindən himayəyə götürülüb. Bundan sonra adıçəkilən şəhid övladlarının hər birinə 18 yaşına çatanadək ayda 150 manat (ümumilikdə 300 manat) pul vəsaiti ödəniləcək. Məlumat üçün qeyd edək ki, hazırda AHİK tərəfindən himayəyə götürülən şəhid övladlarının sayı 274-dür. (164 şəhidin 274 övladı).

Bu barədə açıqlama verən millət vəkili Naqif Həmzəyev AHİK və Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin şəhdi övladları ilə bağlı məlum təşəbbüsünün təqdirəlayiq olduğunu vurğulayıb:

“Biz torpaqlarımızı şəhidlərimizin və qazilərimizin qanı hesabına, onların qəhrəmanlığı sayəsində azad etmişik. Bu baxımdan ən böyük diqqət məhz şəhid ailələrinə və qazilərə ayrılmalıdır. Dövlətin də bununla bağlı xüsusi sosial paketləri var. Biz mütəmadi surətdə bu sahədə ciddi irəliləyişlər müşahidə edirik. Sevindiricidir ki, özəl və dövlət qurumları da şəhid ailələrinin sosial rifahını yüksəltmək istiqamətində ciddi addımlar atır. Bunlardan biri də şəhid övladlarının himayəyə götürülməsi ilə bağlıdır. Mən şəhid övladlarının Konfederasiyanın üzv təşkilatı olan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi tərəfindən himayəyə götürülməsini alqışlayıram. Şəhid övladlaırnı himayəyə götürmək, onların təhsillə bağlı problemlərinin həllinə dəstək vermək, yaralı qazilərimizin müalicəsinə kömək etmək və bu yöndə atılan bütün addımlar yalnız təqdir oluna bilər”.

Millət vəkili qeyd edib ki, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən zaman-zaman bu kimi addımlar atılıb ki, bu da öz növbəsində qürur və məmnunluq doğurur: “Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən bu cür nəcib addımların atılması sevindiricidir. Biz adıçəkilən qurum tərəfindən daim bu cür addımların atılmasına şahid oluruq. Pandemiya dönəmində aztəminatlı ailələrə dəstəyin göstərilməsi, müharibədən sonra şəhid ailələrinin sosial təminatının yaxşılaşdırılması istiqamətində çoxsaylı addımların atılması göz önündədir. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası hər zaman bu məsələlərə böyük diqqət və həssaslıqla yanaşıb. Sevinirik ki, bu təşəbbüsü dəstəkləyən qurumların sayı artmaqdadır.

Düşünürəm ki, biz bu təşəbbüsləri təqdir etməliyik. Siz də sağ olun ki, media nümayəndəsi olaraq bu cür nəcib addımları təbliğ edir, insanları bu gözəl işlər haqqında məlumatlandırırsınız”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti