...

QHT nümayəndələri mina təhlükəsi ilə bağlı bəyanat verdilər

Gündəm Materials 10 Dekabr 2021 17:59 (UTC +04:00)
QHT nümayəndələri mina təhlükəsi ilə bağlı bəyanat verdilər

Tərtər. Trend:

Bu gün Azərbaycanda fəaliyyət göstərən 100-dən artıq qeyri-hökumət təşkilatının nümayəndəsi Tərtər rayonunun işğaldan azad edilmiş Suqovuşan qəsəbəsi və Talış kəndinə səfər ediblər.

Trend-in məlumatına görə, 10 Dekabr – Ümumdünya İnsan Hüquqları Günü ilə əlaqədar təşkil edilən səfər Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi və Mənəvi Dəyərlərin Təbliği Fondunun birgə təşkilatçılığı ilə baş tutub.

Səfər ilk olaraq Suqovuşan qəsəbəsi və Talış kəndini ziyarətlə başlayıb. Səfər çərçivəsində qeyri-hökumət təşkilatlarını müşaiyət edən Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının məsul əməkdaşı, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının sədr müavini Vüsal Quliyev çıxış edərək bildirib ki, 2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin ölkəmizə qarşı törətdiyi növbəti hərbi təxribata cavab olaraq, Azərbaycan Respublikasının Silahlı Qüvvələri əks-hücum əməliyyatlarına başlayıb və 44 gün davam edən müharibədə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz şanlı qələbə qazanıb. Müharibə dövründə Ermənistan siyasi və hərbi rəhbərliyi döyüş meydanındakı məğlubiyyətləri ilə barışmayaraq cəbhə xəttindən kənarda yerləşən şəhər və rayonlarımızdakı mülki əhalini hədəf seçmiş, müxtəlif növ ağır silahlarla, o cümlədən artilleriya və ballistik raketlərlə atəşə tutaraq insanlıq əleyhinə cinayətlər törədib. Qeyd olunub ki səfər edilən Tərtər şəhəri də həmin günlərdə dayanmadan düşmən atəşə tutulurdu. Tərtərə olan hücumlar nəticəsində çoxlu sayda mülki şəxs həlak olub və yaralanıb. O, həmçinin otuz ilə yaxın müddətdə Suqovuşan və Talışın, habelə digər işğaldan azad olunmuş ərazilərin Ermənistan tərəfindən kütləvi şəkildə minalandığını vurğulayıb. Minaların mövcudluğu insanların yaşamaq hüququna təhdid olmaqla yanaşı, məcburi köçkünlərin həmin ərazilərə geri qayıtmasına böyük maneə törədib, həmin ərazilərdə bərpa və quruculuq planlarımızı əhəmiyyətli dərəcədə ləngidib - deyə V.Quliyev vurğulayıb.

Sonra QHT-lərə işğal dövründə ermənilərin törətdikləri vandalizm aktları və hazırda Talış və Suqovuşanda həyata keçirilən bərpa-yenidənqurma layihələri barədə məlumat verilib. Səfər iştirakçıları erməni işğalçıları tərəfindən viran qoyulmuş Talış kəndində yerləşən rus-pravoslav kilsəsini də ziyarət ediblər.

Suqovuşan qəsəbəsi və Talış kəndlərini ziyarət edən qonaqlar daha sonra Tərtər şəhərinə gəliblər. Səfər iştirakçıları ilk olaraq Ermənistanın Tərtər şəhərində törətdiyi cinayətləri özündə əks etdirən foto stendlərlə tanış olublar. Sonra Tərtər şəhərində qeyri-hökumət təşkilatlarının iştirakı ilə konfrans təşkil olunub. Konfransda çıxış edən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva Ermənistan hərbi-siyasi rəhbərliyinin təcavüzkar və işğalçı siyasəti nəticəsində 44 günlük müharibə zamanı Tərtər şəhərinə edilmiş hücumlar barədə məlumat verib. O bildirib ki, Ermənistanın Azərbaycanın şəhərlərini atəşə tutması həm də onu göstərirdi ki, işğalçı ölkə əvvəlki illərdə olduğu kimi, yenə də dünya ictimaiyyətinin, beynəlxalq təşkilatların qəbul etdiyi qətnamələri, bəyanatları və çağırışları heçə sayır, bütün beynəlxalq konvensiyaları kobud şəkildə pozmaqda davam edir. Bunun isə tək səbəbi indiyə kimi Ermənistanın cəzasız qalması və işğalçı ölkəyə qarşı hər hansı bir beynəlxalq sanksiyanın tətbiq olunmamasıdır.

Sonda Azərbaycan QHT-lərinin Tərtər rayonunun işğaldan azad edilmiş Suqovuşan qəsəbəsi və Talış kəndlərinə səfərinin nəticələrinə dair bəyanat qəbul edilmişdir. QHT-lər beynəlxalq hüququn norma və prinsiplərindən irəli gələn öhdəliklərin vicdanla icrasının və qarşılıqlı anlaşmanın əhəmiyyətini vurğulayaraq Ermənistan siyasi-hərbi rəhbərliyinin təcavüzkar və işğalçı siyasəti nəticəsində törədilmiş insan hüquqları pozuntularının, o cümlədən yaşamaq hüququnu kobud şəkildə pozmaqla regionda törətdiyi müharibə və insanlıq əleyhinə cinayətlər ilə bağlı faktların beynəlxalq təşkilatlar tərəfindən araşdırılmasına, minalanmış ərazilərin xəritələri və digər zəruri məlumatların Azərbaycana təqdim edilməsi üçün Ermənistana təsir göstərməyə, Azərbaycana işğaldan azad olmuş ərazilərin minalardan və partlamamış hərbi sursatlardan təmizlənməsinə dəstək verməyə, sülh naminə birgə səylər göstərməyə çağırış ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti