Bakı. Trend:
Məlum olduğu kimi, dekabr ayı tariximizdə həm də azərbaycanlıların Ermənistan SSR-dən deportasiya edilməsi ilə bağlı anım günləri ilə yadda qalır. Bu mövzunu daha geniş işıqlandırmaq və beynəlxalq ictimaiyyətin diqqətini Azərbaycanlıların deportasiyasına cəlb etmək məqsədilə Bakı Politoloqlar Klubunun təşkilatçılığı, News.az beynəlxalq xəbər agentliyinin mətbuat dəstəyi, Azərbaycan Dillər Universitetinin təşkilati dəstəyi ilə “Azərbaycanlıların timsalında dünyada xalqların deportasiyası problemi: mövcud vəziyyət və problemlər” mövzusunda beynəlxalq konfrans keçirilib.
Konfransda Azərbaycanda fəaliyyət göstərən diplomatik nümayəndəliklər – Amerika Birləşmiş Ştatları, Avropa İttifaqı, İsrail, Mərakeş, Türkiyə, Qazaxıstan, Türkmənistan və Özbəkistan səfirliklərinin yüksək vəzifəli nümayəndələr, yerli və xarici ekspertlər iştirak edib, Azərbaycanlıların ötən əsr boyunca dörd dəfə indiki Ermənistan ərazisindən deportasiya edilməsi ətrafında fikir mübadiləsi aparılıb.
Konfransı giriş sözü ilə açan Bakı Politoloqlar Klubunun direktoru Zaur Məmmədov bildirib ki, xalqların deportasiyası tarix boyunca ən ağır səhifələrdən olub. Təəsüf ki, Azərbaycanlılar da bu bəladan yan ötüşməyib və yaxın keçmişdə bir neçə dəfə deportasiyaya uğrayıblar. Deportasiyanın ağır nəticələri bu gün də həmin insanların həyatında özünü göstərməkdədir.
Azərbaycan Dillər Universitetinin rektoru Kamal Abdulla qonaqları salamlayaraq ölkəmizdə bütün xalqlara tolerant münasibətdən söz açıb və deportasiyanın dünya tarixinin ən faciəvi səhifələrindən biri olduğunu qeyd edib. Kamal Abdulla tədbirdə iştirak edən xarici və yerli qonaqlara “Həqiqətin onomastikası” adlı ingilis dilində kitab da hədiyyə edib.
Daha sonra tədbir News.az saytının baş redaktoru və Bakı Politoloqlar Klubunun sədr müavini Ülviyyə Zülfiqarın moderatorluğu ilə davam edib.
Tədbirdə çıxış etməsi üçün söz verilən, Doshisha Universiteti (Yaponiya), ADA universitetinin keçmiş professoru Rəhman Şahhüseynli hazırda deportasiya ilə bağlı dünyadakı mövcud vəziyyətdən bəhs edib. Qərbi Azərbaycandakı ata-baba yurdlarımızdan bəhs edən Şahhüseynli öz xatirələrini də bölüşüb.
Konfransa onlayn şəkildə qatılan İsrailli ekspert Mixail Finkel deportasiya ilə bağlı hüquqi məsələlərə toxunub, bu insanlıq əleyhinə cinayət faktı ilə bağlı daşınan məsuliyyətə dair məlumat verib. Fransadan qatılan, hüquqşünas, eyni zamanda deportasiya şahidi olan Zaur Sadıqbəyli bu dəhşətli akt zamanı və deportasiyadan sonra yaşadıqları problemlərdən danışıb.
İnkişaf və Diplomatiya institutunun tədqiqatçısı, eləcə də ADA universitetinin müştərək professoru fransalı ekspert Maksim Qauin 1918-20-ci illərdə Azərbaycanlıların deportasiyası ilə bağlı apardığı araşdırmalardan bəhs edib, Azərbaycanlılara qarşı erməni milliyətçilərinin apardığı etnik təmizləmə siyasəti barədə danışıb, yeni faktlar səsləndirib.
İnsan hekayələri bölümündən əvvəl azərbaycanlıların ötən əsr boyunca uğradıqları deportasiya və kütləvi qırğınlarla bağlı videoçarx izlənilib.
Qərbi Azərbaycan İcmasının mətbuat katibi, News.az saytının baş redaktoru və Bakı Politoloqlar Klubunun sədr müavini Ülviyyə Zülfiqar çıxış edərək 1918-ci ildə Babasının çox kiçik yaşda İrəvandan deportasiya edilməsi, ailəsini itirməsindən bəhs edib. Vurğulayıb ki, bu gün Qərbi Azərbaycanlıların əsas niyyəti öz ata-baba yurdlarına qayıdaraq orda dinc yanaşı yaşamaqdır.
Yeni Azərbaycan qəzetinin baş redaktoru Alqış Musayev deportasiya olduqları günlərdə yaşadıqlarını diplomatik korpusların nümayəndələrinin diqqətinə çatdırıb.
Tədbirə yekun vuran Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov diplomatik korpus nümayəndələrinə, yerli və xarici ekspertlərə və media mənsublarına konfransa qatıldıqları üçün təşəkkürünü bildirib.