...

ADNSU-da yeni kitabxananın açılışı olub (FOTO)

Gündəm Materials 30 Dekabr 2022 18:55 (UTC +04:00)

Bakı. Trend:

Dekabrın 30-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) açıq kitabxananın açılışı olub. Azİİ e-Kitab Evinin balansında olan açıq kitabxananın açılışında ADNSU-nun rektoru, professor Mustafa Babanlı, universitetin professor-müəllim heyəti və tələbələr iştirak edib.

Rektor, professor Mustafa Babanlı açılış zamanı çıxış edərək yeni kitabxana haqqında məlumat verib. Universitetdə hər zaman kitaba, elmə önəm verildiyini vurğulayan rektor, professor Mustafa Babanlı yaxın zamanlarda açıq havada da yeni kitabxana yaradılacağını deyib.

Bildirilib ki, yeni açılan kitabxanada hazırda 1200-dək kitab var və yaxın gələcəkdə bu sayın artırılması nəzərdə tutulub. 16 blokdan ibarət olan açıq kitabxanada 4 dildə nəşrlər yer alıb. Kitablar, əsasən, elmi ədəbiyyət, ixtisas kitabları, bədii ədəbiyyat və tədrisə uyğun digər nəşrlərdən ibarətdir. 24 saat fəaliyyət göstərəcək açıq kitabxanadan tələbələrin maksimum yararlanması üçün hər bir şərait yaradılıb.

Sonda rektor, professor Mustafa Babanlı açılışı olan yeni kitabxana haqqında tələbələrin suallarını cavablandırıb, universitetdə kitabxanaların genişləndirilməsi, yenilərinin açılması ilə bağlı onların istək və təkliflərinin hər zaman nəzərə alınacağını deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti