...

Qarabağ qazisini zəhərləyib şirkətini qarət edən qadının məhkəməsi olub

Gündəm Materials 16 Yanvar 2023 16:27 (UTC +04:00)
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Bakı Ağır Cinayətlər Məhkəməsində paytaxtda şirkətin 423 min dollarını mənimsəməkdə təqsirləndirilən Nelli Fabriçnayanın cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Trend-in məlumatına görə, bu gün hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən iclasda şahid Yana Şirəliyeva bildirib ki, təqsirləndirilən şəxs onun iş yoldaşı olub: "2009-cu ildən tanıyıram və 2011-ci ilə kimi bizim şirkətdə dizayner kimi fəaliyyət göstərib. Sonradan onun pul oğurladığı üzə çıxdı. Nelli mənə dedi ki, onu polislər izləyir, Rauf adlı şəxs sənə 4 min manat verəcək, onu mənə çatdır. Mən bu barədə Raufa məlumat verdim. Rauf özü rayonda olduğu üçün o pulu digər yolla Nelliyə verib. Nelli məndən, eyni zamanda, 1000 manat borc istədi, lakin imkanım olmadığını bildirdim".

Zərərçəkmişin vəkili İlhamə Həsənova vəsatət qaldıraraq bildirib ki, N.Fabriçnayanın adına olan bank hesabları araşdırılmalıdır: "4 bankdan Nelliyə bildirişlər gəlir ki, hesabınız bağlanmaq üzrədir. Əlimizdə də sübutlar var ki, təqsirləndirilən şəxsin valideynləri onun adından xaricə pul köçürmələri edir".

Məhkəmə prosesi yanvarın 23-də davam etdiriləcək.

İttiham aktına əsasən, 2018-ci ildə N.Fabriçnaya Ə.Zeynalovun şirkətində kadrlar şöbəsinin müdiri vəzifəsində işləyib.

Zərərçəkmiş N.Fabriçnaya inandığından müəyyən işlər görmək üçün qadına etibarnamə verib, hətta onun evindəki seyfə pullar qoyub.

İttihamda göstərilir ki, N.Fabriçnaya seyfdən ümumilikdə 423 min dollar pulu götürərək mənimsəyib. O isə həmin pulların bir hissəsini şirkətin xadiməsi olan Mehriban Atakişiyeva adlı qadına kömək məqsədilə verib, bir hissəsini isə özünün keçmiş sevgilisi olan Raufa təqdim edib.

Zərərçəkmiş Ə.Zeynalov Birinci Qarabağ müharibəsi əlilidir. O iddia edib ki, N.Fabriçnaya mənimsəmə əməllərini ört-basdır etmək üçün onu zəhərləyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti