Bakı. Trend:
Fevralın altısında Türkiyədə baş verən zəlzələ nəticəsində dağıntıların yaşandığı 11 vilayətdən biri olan Kahramanmaraşın Türkoğlu rayonunda konteynerlərdən ibarət "Qardaş köməyi" məhəlləsi yaradılacaq.
Bu barədə Trend-ə "Qardaş Köməyi" platformasından daxil olan məlumatda bildirilir.
"Azərbaycandakı QHT-lər də bir araya gələrək Türkiyədəki zəlzələdən zərərçəkənlərə yardım göndərmək üçün təşkilatlandılar. Azərbaycan Sahibkarlar Konfederasiyası, MÜSİAD Azərbaycan, Azərbaycan Türkiyə İş Adamları Birliyi, Gəncliyə Yardım Fondu, Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçilər Birliyi, KOBİA və digərləri bir araya gələrək, "Qardaş Köməyi" platformasını qurdular" - deyə platformadan daxil olan məlumatda qeyd olunur.
Məlumatda o da qeyd edilir ki, indiyədək əraziyə 100 konteyner, min ton ərzaq, 200 generator, 155 çadır, 2 xəstəxana çadırı, 22 ton dərman və tibbi ləvazimat göndərilib.
"Türkiyədəki zəlzələdən əziyyət çəkən qardaşlarımıza Azərbaycandan bundan sonra da yardım göndəriləcək" - deyə məlumatda qeyd olunur.