Bakı. Trend:
Müdafiə nazirinin təsdiq etdiyi hazırlıq planına əsasən, ehtiyatda olan hərbi vəzifəlilərin döyüş vərdişlərinin təkmilləşdirməsi məqsədilə “N” hərbi hissəsində keçirilən təlim toplanışı davam edir.
Nazirlikdən Trend-ə verilən məlumata görə, təlim çərçivəsində Şəxsi Heyət Baş İdarəsinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin rəisi vəzifəsini icra edən polkovnik Elşad Əbilov toplanışın keçirildiyi hərbi hissəni ziyarət edib, çağırışçıların qayğıları ilə maraqlanıb.
Ehtiyatdan çağırılan hərbi vəzifəlilərlə görüşən polkovnik E.Əbilov təlim toplanışının əhəmiyyətindən danışıb.
Bildirilib ki, hərbi vəzifəlilər xidmət zamanı qazandıqları döyüş vərdişlərini, təcrübələrini unutmamalı, istənilən döyüş şəraitinə mənəvi-psixoloji hazırlıqlı olmalıdırlar.
Görüşdə, həmçinin milli-mənəvi dəyərlərə sadiqlik, dövlətçilik və vətənpərvərlik ruhunda maarifləndirici söhbətlər aparılıb.