Bakı. Trend:
Gələn həftə Bakıda keçiriləcək İslam Əməkdaşlıq Təşkilatına
(İƏT) üzv dövlətlərin əmək nazirlərinin V Konfransı üzv ölkələr
arasında əmək, məşğulluq, sosial müdafiə sahələrində əməkdaşlığın
genişlənməsinə öz töhfəsini verəcək.
Trend-in məlumatına görə, bunu qeyd olunan beynəlxalq tədbirə dair
keçirilən mətbuat konfransında əmək və əhalinin sosial müdafiəsi
nazirinin müavini Anar Kərimov vurğulayıb.
Nazir müavini bildirib ki, Azərbaycan 1991-ci ilin 8 dekabrında
Təşkilata tamhüquqlu üzv qəbul olunub. İƏT Ermənistanın Azərbaycana
qarşı təcavüzü ilə bağlı daim ədalətli mövqeyə malik olub, 30 ilə
yaxın ölkəmizin ərazilərini işğal altında saxlamış Ermənistanın
hərbi təcavüzünü pisləyərək və Azərbaycanın haqlı mövqeyini
dəstəkləyərək bununla əlaqədar bir çox qətnamələr qəbul edib.
A.Kərimov tarixi Zəfərimizlə başa çatan 44 günlük Vətən müharibəsi
dövründə də İƏT-in Azərbaycanın ədalətli mövqeyini qətiyyətlə
dəstəklədiyini qeyd edib.
İƏT-ə üzv dövlətlərin əmək nazirlərinin bu il noyabrın 21-23-də
Bakıda keçiriləcək V Konfransının Təşkilata üzv ölkələrin sosial
sahənin, o cümlədən əmək bazarının inkişaf etdirilməsi, məşğulluq,
işsizliyin aradan qaldırılması, yoxsulluğun azaldılması, insan
kapitalının inkişafı, əmək miqrasiyası kimi məsələlərin həlli üzrə
əməkdaşlıq əlaqələrinin genişlənməsinə, bu sahələrdə faydalı
məlumat və təcrübə mübadilələrinə imkan yaradacağı vurğulanıb.
Son illər Azərbaycanda sosial sahədə aparılan islahatların uğurları
diqqətə çatdırılıb. Həmin sosial nailiyyətlərin beynəlxalq
ictimaiyyətə çatdırılması və bu sahədə İƏT-ə üzv ölkələrlə təcrübə
mübadilələri aparılması baxımından da Konfransın önəmli olacağı
qeyd edilib.