...

Yeraltı təkanlar nəticəsində Tərtərdə 715 yaşayış evinə ziyan dəyib

Hadisə Materials 20 Sentyabr 2007 15:34 (UTC +04:00)

Azərbaycan, Bərdə / Trend , müxbir Ş.Cəliloğlu/ Tərtər rayonunda baş verən zəlzələ nəticəsində 715 yaşayış evinə ziyan dəyib. Trend in bölgə müxbirinin bildirdiyinə görə, 4 bal gücündə olan yeraltı təkanlar 10 evi tamamilə dağıdıb.

Azərbaycanın 10-dan artıq rayonunda çərşənbə günü gecə saatlarında yeraltı təkanlar qeydə alınıb. Axşam saat 21.58-də mərkəzi episentri Tərtər şəhərindən 20 kilometr cənub-qərbdə 4,5 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanlar Tərtər, Naftalan rayonlarında 4, Şəmkir və Mingəçevirdə 3, Bərdə, Ağdam və Qarabağın digər rayonlarında isə 2,5 bal gücündə hiss olunub.

Həmin gün gecə saat 23.59-da isə mərkəzi episentri Lənkəran-Lerik yolunda da 3,5 bal gücündə zəlzələ olub. Yardımlı, Lənkəran, Lerik rayonlarının özündə yeraltı təkanların gücü 3 bal qeydə alınıb.

Yeraltı təkanlar nəticəsində Tərtərin Borsunlu kəndində tibb məntəqəsi və musiqi məktəbi tamamilə yararsız vəziyyətə düşüb. Sakinlər dəymiş ziyanla bağlı rayon İcra Hakimiyyətinə məlumat veriblər. Rayon İcra Hakimiyyətindən verilən məlumata görə, Fövqəladə Hallar Komissiyasının əməkdaşları tərəfindən komissiya qrupu yaradılıb, dəymiş ziyanla bağlı hesablamalar aparılacaq.

Xəbər lenti

Xəbər lenti