...

Bakıda uçmuş binanın yanındakı binanın bir neçə mərtəbəsi söküləcək

Hadisə Materials 28 Sentyabr 2007 12:28 (UTC +04:00)
Bakıda uçmuş binanın yanındakı binanın bir neçə mərtəbəsi söküləcək

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Bakının Yasamal rayonunun Murtuza Muxtarov küçəsi 185 ünvanında uçmuş hündürmərtəbəli binanın yanındakı üçbloklu binanın bir neçə mərtəbəsi söküləcək. Bu barədə Azərbaycanın baş nazirinin müavini, M.Muxtarov küçəisi 185-də çökmüş binanın dağılmasının səbəblərinin araşdırılması üzrə Dövlət Komissiyasının sədri Abid Şərifov məlumat verib.

Avqustun 28-də Bakının Yasamal rayonu M.Muxtarov küçəsində yeni tikilməkdə olan 16 mərtəbəli bina çöküb, nəticədə 25 nəfər həlak olub, 4 nəfər yaralanıb. Hadisə ilə əlaqədar binanı tikən "Mütəfəkkir" şirkətinin prezidenti və daha üç nümayəndəsi, Bakı şəhər İcra Hakimiyyətinin mənzil-kommunal təsərrüfat birliyinin rəisi həbs olunub.

Şərifov bildirib ki, uçmuş binanın yaxınlığında yerləşən bir bloklu evdə aparılan bərpa işləri bir aya qədər başa çatdırılacaq və oranın əhalisi evlərinə köçürüləcək. Şərifovun sözlərinə görə, uçmuş binanın arxasındakı üç bloklu evdə isə problemlər çoxdur. Həmin binanın iki bloku daha pis vəziyyətdədir, üçüncüsü bir qədər normaldır. Komissiya sədri bildirib ki, bir aya qədər binanın eskiz layihəsi hazırlanacaq və onun dörd mərtəbəsi söküləcək. Qalan 9-10 mərtəbəni isə gücləndirmək lazım gələcək.

Şərifov bildirib ki, Bakıda 200-dən artıq binanı müayinə etmək lazımdır: "Uçmuş bina ilə bağlı yerli və xarici mütəxəssislərin hamısı eyni rəy yazıblar, uçqunun səbəbini görmək üçün mütəxəssis olmaq lazım deyil. 9 mərtəbəli binanın təməli üzərində 14 mərtəbəli bina tikilib"-deyə Şərifov bildirib.

Xəbər lenti

Xəbər lenti