Azərbaycan, Bakı, 25 noyabr / Trend , müxbir S.Kazımlı / Bakının Nərimanov rayon məhkəməsində Əbu Bəkr məscidinin fəaliyyətinin bərpa edilməsi ilə bağlı bu gün keçirilməsi nəzərdə tutulan məhkəmə prosesi təxirə salınıb. Buna səbəb işə baxan hakimin ölməsi olub. Bu barədə Trend -a çərşənbə axşamı Nərimanov rayon dindarları Dini İcmasının nümayəndəsi, vəkil Cavanşir Süleymanov məlumat verib.
Trend -un arayışı: Bakının Nərimanov rayon məhkəməsinin hakimi Asif Allahverdiyevin sədrliyi ilə keçirilən prosesdə Nərimanov rayon dindarları Dini İcmasının Polis İdarəsinə qarşı qaldırdığı iddia üzrə oktyabrın 27-də Əbu Bəkr məscidinin açılması və fəaliyyətinin bərpası ilə bağlı qərar qəbul edilib.
Bundan sonra Nərimanov rayon Polis İdarəsi Əbu Bəkr məscidində təxribatlar törədilməsi barədə məlumatların olmasını əsas gətirərək, məscidin fəaliyyəti ilə bağlı məsələyə yenidən baxılmasını xahiş edib.
Müraciətdə ərazidə təhlükəsizliyin və ictimai asayişin qorunması üçün məscidin fəaliyyətinin bərpası barədə qərarın ləğv olunması xahiş olunur.
Bu il avqustun 17-də saat 20:50 radələrində Bakı şəhəri, Ülvi Bünyadzadə küçəsində yerləşən Nərimanov rayon dindarları Dini İcmasının fəaliyyət göstərdiyi Əbu Bəkr məscidinə naməlum şəxs tərəfindən atılmış əl qumbarasının partlaması nəticəsində iki nəfər hadisə yerində ölüb, 19 nəfərin sağlamlığına müxtəlif dərəcəli zərər yetirilib. Məlum hadisədən sonra məscidin fəaliyyəti müvəqqəti dayandırılmışdı. Bu terror aktının törədilməsində təqsirli bilinən Sumqayıt şəhər sakini Elnur Baxşıyev həbs olunub.
Nərimanov rayon məhkəməsinin hakimi Asif Allahverdiyev bu gecə dünyasını dəyişib. Mərhumun cənazəsi dəfn olunması üçün doğulduğu Bərdə rayonununa aparılıb.
Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]